Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

ASCO texnoloji müsabiqə keçirir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin üzvü olan gənc ixtiraçı və mühəndislər arasında “Gəmiçilik, gənc ixtiraçılar və innovasiya” mövzusunda texnoloji müsabiqə elan edilib. Müsabiqənin hazırlıq və təşkilati işlərinin gedişatı, eyni zamanda şərtlərinin müzakirəsinə dair ASCO-da “AzeRobot Education”-nun üzvləri ilə görüş keçirilib.

Gənc mühəndislər əvvəlcə ASCO-nun fəaliyyətini əks etdirən tanıtım çarxını izləyiblər.

Görüşdə çıxış edən ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev qonaqları salamlayaraq ölkəmizdə elmi-texniki tərəqqi, innovasiya və texnologiyalar sahəsində görülən işlərdən danışıb. O, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl Dünya naminə həmrəylik İli” elan edildiyini diqqətə çatdıraraq, bu istiqamətdə ASCO tərəfindən də müxtəlif layihə və tədbirlərin həyata keçiriləcəyini bildirib. Sədr qeyd edib ki, məhz elan edilən texnoloji müsabiqənin məqsədlərindən biri də “Yaşıl Dünya naminə həmrəylik İli”nə töhfə verməkdir.

Sonda iştirakçılara uğurlar arzulayan Rauf Vəliyev onlardan müsabiqə çərçivəsində kreativ ideyalar gözlədiyini xatırladıb.

ASCO sədrinin müavini Tariyel Mirzəyev çıxışında ASCO tərəfindən innovasiya və texnologiyalar, eyni zamanda ətraf mühitin mühafizəsi istiqamətində görülən və qarşıda duran layihələrdən danışıb. O bu müsabiqənin həm Gəmiçiliyə, həm “AzeRobot Education” Tədris Mərkəzinə, həm də bütün iştirakçılar üçün faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov və “AzeRobot Education” Robototexnika Tədris Mərkəzinin layihə rəhbəri İmamir Mirzoyeva müsabiqənin şərtləri haqqında geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, müsabiqə üç mərhələdən ibarət olacaq. Birinci mərhələdə iştirakı qeydə alınmış komandalara konseptual layihələrin təklif edilməsi üçün 15 gün vaxt veriləcək. Münsiflər heyəti II mərhələdə iştirak hüququ qazanmış layihələri seçəcək. Bu mərhələdə layihənin prototipi hazırlanacaq.  Bundan sonra komandalar 60 gün ərzində (1 iyun 2024-cü ilədək) layihələrini hazırlayıb təhvil verəcəklər. 

Müsabiqə işlərinin qiymətləndirilməsi məqsədilə xüsusi meyarlar müəyyənləşdirilib, eyni zamanda 13 nəfərdən ibarət münsif heyəti formalaşdırılıb. Münsif heyətinin tərkibində ASCO nümayəndələri ilə yanaşı, “AzeRobot Education”-nun əməkdaşları da təmsil olunacaqlar.

Daha sonra münsif heyətinin üzvləri çıxışlar edib, gözləntilərini açıqlayıb və müsabiqənin işinə uğurlar arzulayıblar.

Çıxışlardan sonra tədbir iştirakçılarının fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır