Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-14,
Seanews
Heyder Eliyev

AYİB-in prezidenti ASCO-nun həm Xəzər, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə edib - VİDEO 

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun görüşü olub.

AZƏRTAC xəbər verir ki, Odil Reno-Basso dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin həm Xəzər dənizində, həm də Qara dənizdə gəmi donanmasının artırılması layihələrində iştirakından məmnunluğunu ifadə etdi. Həmçinin AYİB-in Orta Dəhliz layihəsinə böyük əhəmiyyət göstərdiyini və bu çərçivədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək, bu kimi layihələrdə iştirak etməyə hazır olduğunu bildirdi.

Odil Reno-Basso vurğuladı ki, AYİB, eyni zamanda, su resurslarının idarə edilməsi sahəsində də Azərbaycanın tərəfdaşı rolunda çıxış edir və bu istiqamətdə hökumətin həyata keçirdiyi layihələrə dəstək verməyə hazırdır. O, həmçinin COP29 çərçivəsində də AYİB–lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də AYİB tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Azərbaycanla AYİB arasında əməkdaşlıqdan məmnunluğunu bildirdi. Prezident İlham Əliyev Xəzər Dəniz Gəmiçiliyi ilə, həmçinin Orta Dəhliz və su resurslarının idarə edilməsi sahələrində əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edərək, Azərbaycanda yaşıl keçid və bərpaolunan enerji resurslarının inkişaf etdirilməsi layihələrinə böyük əhəmiyyət verildiyini, artıq ölkəmizin yaxın dövrlərdə bərpaolunan enerji resurslarının ixracatçısı qismində çıxış edəcəyini vurğuladı.

Görüşdə iqlim dəyişikliyinin artıq Cənubi Qafqaz regionuna da öz təsirlərini göstərdiyi, bu xüsusda Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi, Azərbaycanda, həmçinin çaylarda suyun həcminin azalması və digər fəsadların hiss olunduğu qeyd edildi. Söhbət zamanı Xəzər dənizinin suyunun şirinləşdirilməsi layihələrində də AYİB ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə toxunuldu.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır