Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-04,
Seanews
Heyder Eliyev

Dəniz Nəqliyyatı Donanmasının gəmilərinin komandir heyəti ilə görüş keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Dəniz Nəqliyyatı Donanmasının gəmilərində işləyən bir qrup kapitan və baş mexaniklə görüş keçirilib.

Görüşdə ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev bildirib ki, 2023-cü il dəniz nəqliyyatı işçiləri üçün mühüm hadisələrlə əlamətdardır.  Bu il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 165 illik yubileyini, eləcə də qapalı səhmdar cəmiyyəti kimi fəaliyyətinin 10 illiyini qeyd edir.

Sədr dənizçilərə ötən 10 ildə müasir çağırışlara cavab vermək imkanına malik olan və səmərəli fəaliyyət göstərən rentabelli kommersiya qurumunun yaradılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, bu dövrdə donanmamız beynəlxalq tələblərə cavab verən müasir gəmilərlə davamlı yenilənib, Azərbaycan gəmiçiliyinin Xəzər dənizində mövqeyi daha da gücləndirilib, Xəzərdənkənar sularda fəaliyyətimiz genişləndirilib. Həmçinin gənc kadrların yetişdirilməsi, gəmilərin və ümumilikdə gəmiçiliyin daha effektiv və səmərəli idarə edilməsi üçün beynəlxalq təcrübədə sınaqdan çıxmış korporativ idarəetmə sisteminin, eləcə də qabaqcıl proqram, prosedur və sistemlərin tətbiqi də xüsusi diqqətdə saxlanılıb.

Azərbaycan gəmiçiliyinin hazırki inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətlərindən danışan Rauf Vəliyev, Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Heydər Əliyev İli” çərçivəsində ASCO-da görülən işlər barədə də məlumat verib: “10 may 2023-cü ildə 487 dənizçi ailəsinə yeni mənzillərin açarları təqdim edildi. Bu addım hər zaman dənizçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını diqqətdə saxlayan Ulu Öndərin missiyasının davam etdirildiyini göstərir. 15 iyun Milli Qurtuluş Günündə isə milli gəmiçiliyimiz yeni dövrə qədəm qoydu. Həmin gün 115 min ton yükgötürmə qabiliyyətinə malik olan “Aframax” tipli tankerlərdən birincisi - “Şuşa” gəmisi Azərbaycan bayrağı altında Sinqapurda istismara verildi.”

ASCO sədri qazanılan nailiyyətlərlə yanaşı, mövcud problemlər, yol verilən nöqsanlar və onların həlli məsələlərinə də toxunub. O, qarşıya qoyulan məqsəd və hədəflərin icrasının qüsursuz yerinə yetirilməsi üçün tövsiyə və tapşırıqlarını verib.

Sonra ASCO sədri üzən heyətə ödənilən əməkhaqqı sistemi haqqında geniş təqdimatla çıxış edib. Bildirib ki, dənizçilərin sosial müdafiəsinin gücləndirilməsi və maddi rifah halının yaxşılaşdırılması daim diqqətə saxlanılır. Bunun nəticəsidir ki, Cəmiyyət yarandığı andan bəri işçilərin maaşları bir neçə dəfə artırılıb.

Rauf Vəliyev həmçinin ASCO-da tətbiq edilən imtiyazlar, qanunvericiliyinin tələblərinə uyğun yaradılan əmək münasibətləri və şəraiti barədə komandir heyətinə ətraflı məlumat verib.

Görüşün sonunda dənizçiləri maraqlandıran suallar cavablandırılıb. Belə görüşlərin davamlı təşkil ediləcəyi bildirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır