Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-18,
Seanews
Heyder Eliyev

YAP-ın VII qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu

Müsahibimiz Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovdur.

- Azərbaycan dünyada islahatçı ölkə kimi tanınır. Xüsusilə də, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələri əhatə edən genişmiqyaslı islahatlara start verilib. Yeni Azərbaycan Partiyası da bu prosesdən kənarda qalmayıb. Bu baxımdan, partiyanın bir il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Bu barədə nə deyə bilərsiniz?

- Tamamilə haqlısınız, Azərbaycan dünyanın mötəbər araşdırma mərkəzlərinin tədqiqatlarında və nüfuzlu reytinq təşkilatlarının hesabatlarında islahatçı ölkə kimi dəyərləndirilir. Təbii ki, ayrı-ayrı sahələrin inkişafını və bütövlükdə milli tərəqqini təmin edən islahatlar kursu dövlətimizin gücünün artmasını, yeniləşməni və müasirləşməni təmin edən çox mühüm amillərdən biridir. Bu strateji kurs müasir çağırışlara, milli maraqlara və ictimai-siyasi münasibətlərin mahiyyətinə, xarakterinə tam adekvatdır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.

Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini - milli hədəfləri reallaşdırmasını təmin edir.

Razılaşarsınız ki, çoxşaxəli reformalardan bəhs edərkən siyasi islahatların əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verib.

Xüsusi vurğulamaq istəyirəm ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb. Yeni dövrün reallıqlarına uyğun olaraq siyasi inkişafa xidmət edən islahatların aparılması, sosial-iqtisadi yüksəlişin davamlılığının təmin olunması, milli birliyin, Azərbaycanın beynəlxalq arenada və qlobal informasiya müstəvisində mövqeyinin daha da gücləndirilməsi, Böyük Qayıdışın - layiqli və dayanıqlı məskunlaşmanın həyata keçirilməsi, tarixi Qələbənin nəticələrinin möhkəmləndirilməsi və digər milli məqsədlər strateji prioritetlər kimi müəyyənləşdirilib. Təbii ki, hakim və alternativsiz siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının da bu istiqamətdə üzərinə mühüm vəzifələr və ictimai-siyasi məsuliyyət düşür. Qeyd etdiyiniz kimi, bir il əvvəl - 5 mart 2021-ci il tarixdə islahatlar kursunun tərkib hissəsi kimi və yeni dövrdə milli vəzifələrin reallaşdırılması zərurəti ilə əlaqədar partiyamızın VII qurultayı keçirilib.

Ümumiyyətlə, tarixi Zəfərdən sonra istər ölkədə, istərsə də beynəlxalq müstəvidə yaranmış yeni reallıqlar fonunda keçirilmiş YAP-ın VII qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyub. Qurultayda qəbul edilən qərarlar partiyamızın inkişafı və müasir çağırışlara cavab verməsi - ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi üçün olduqca əhəmiyyətlidir.

İlk növbədə qeyd edim ki, partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi fəaliyyətin yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsi baxımından önəmlidir. Bilirsiniz ki, partiyanın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi. Bu müddət ərəfəsində ölkədə və beynəlxalq aləmdə mühüm dəyişikliklər baş verib, o cümlədən Yeni Azərbaycan Partiyası əhəmiyyətli uğurlar qazanıb, yeni çağırışlar və vəzifələr meydana çıxıb. Ona görə də yeni Nizamnamənin qəbulu, partiya fəaliyyətinin tənzimlənməsində yeni mexanizmlərin müəyyənləşdirilməsi vacib idi və VII qurultayda bu istiqamətdə önəmli qərar verildi.

Bunlarla yanaşı, YAP-ın İdarə Heyətinin, Təftiş Komissiyasının, Gənclər Birliyinin yenidən formalaşdırılması, Veteranlar Şurasının təsis edilməsi də partiya idarəetməsində yeni mərhələnin başlanmasıdır. Digər tərəfdən, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi partiyamızın yüksək nüfuzunun, inam və etimad ünvanı olmasının daha bir nümunəsi - əyani ifadəsidir. Bu fakt həm də siyasi birlik və milli həmrəylik örnəyi, yeni siyasi mədəniyyət nümunəsi kimi diqqətəlayiqdir.

Bir məqama da toxunmaq istəyirəm. Bilirsiniz ki, VII qurultaydan sonra Mehriban xanım Əliyeva partiya Sədrinin birinci müavini təyin edilmişdir. Sirr deyil ki, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu, dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Reallıqlar deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından əlamətdar olacaq.

Bütövlükdə isə, qurultayda partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də yuxarıda bəhs olunan strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaradacaqdır.

- Bəs VII qurultaydan keçən müddət ərzində hansı təşkilati işlər görülüb?

- YAP-ın VII qurultayında müəyyən olunmuş əsas vəzifələrdən biri də partiya strukturunun yenilənməsi və fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati işlərin həyata keçirilməsi oldu. Partiyamızda təşkilatlanma prosesi müxtəlif istiqamətlər üzrə aparılır. İlk növbədə qarşıda duran vəzifələrə uyğun olaraq YAP-ın fəaliyyətinin institusional əsaslarının gücləndirilməsi, normativ hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür. Yeni Azərbaycan Partiyasında uçot sisteminin təkmilləşdirilməsi üçün müvafiq addımlar atılıb və bu istiqamətdə iş davam etdirilir. Partiyada bütün üzvlərin fərdi uçot sisteminin müasir standartlara, informasiya-kommunikasiya texnologiyalarının bugünkü inkişaf mərhələsinə uyğun qurulmasına nail olunacaq.

Bununla yanaşı, VII qurultaydan ötən zaman müddətində YAP İdarə Heyətinin bir sıra iclasları keçirilib və təşkilatlanma, kadr və struktur dəyişiklikləri baxımından mühüm qərarlar qəbul olunub.

2021-ci il sentyabr ayının 10-da keçirilmiş YAP İdarə Heyətinin iclasında partiyanın Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələrinin təsdiq edilməsi haqqında məsələyə baxılıb, hər bir əsasnamə ayrı-ayrılıqda müzakirəyə çıxarılaraq təsdiq olunub.

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatları yeni prinsiplər əsasında formalaşdırılmalıdır. Yeni Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz. Bütün bu tələblərdən irəli gələrək YAP-ın yerli təşkilat aparatlarının yenidən formalaşdırılmasına ehtiyac yaranmışdı. Ona görə də iclasda bu məsələyə baxılıb və Bakı şəhərinin rayonları üzrə Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrləri təyin olunub.

Yeni Azərbaycan Partiyasının təsis etdiyi “Yeni Azərbaycan” qəzetinə yeni baş redaktorun təyin edilməsi məsələsi də müzakirə olunub, bu barədə qərar verilib. İclasda, həmçinin Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bir sıra məsələlərə də baxılıb.

Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq İdarə Heyətinin üzvlərinə təqdim olunub. Yanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında yerli təşkilatların sədrlərinin vəzifəyə təyin edilməsi məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub. Bu qərarla yerli təşkilatlara rəhbər təyin edilənlərin üçdəikisi yeni şəxslərdir, bununla da onlar arasında orta yaş həddi təxminən 10 il azalmışdır. Artıq cari ilin fevral ayının 1-dən YAP-ın yerli təşkilatlarının sədrləri rəsmi qaydada fəaliyyətə başlayıblar. Hər bir şəhər və rayonda təşkilatlanma işinin daha çevik və müasir tələblərə, partiyanın Sədrinin qarşıya qoyduğu vəzifələrə uyğun qurulması üçün müvafiq tədbirlər görülür.

Bununla yanaşı, İdarə Heyətinin 28 yanvar tarixdə keçirilmiş iclasının müzakirəsinə 2 məsələ - Yeni Azərbaycan Partiyasının Proqramının təsdiq edilməsi və Yeni Azərbaycan Partiyasında üzvlük haqlarının məbləği və ödənilməsi qaydasının təsdiq edilməsi məsələləri çıxarılıb, hər iki sənəd müzakirələrdən sonra yekdilliklə təsdiq edilib.

YAP-ın VII qurultayında partiyamızın Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması barədə tapşırıq və tövsiyələrini vermişdi. Bu tövsiyələrdən irəli gələrək yaradılmış işçi qrupu tərəfindən proqram üzərində işlərə başlanılmışdı. Ötən müddət ərzində sənədin layihəsi işçi qaydada dəfələrlə geniş tərkibdə müzakirə olunmuş, partiyamızın Sədri cənab İlham Əliyevin tövsiyələri əsasında təkmilləşdirilmişdi. Qeyd etmək istəyirəm ki, 1992-ci ildə təsis konfransında qəbul olunmuş və 1999-cu ildə keçirilmiş I qurultayda yenilənmiş, partiyamızın yaradıcısı Heydər Əliyevin müəllifi olduğu proqramda ideoloji prinsiplər, o cümlədən sosial-iqtisadi tərəqqi, əhalinin rifah halının yüksəldilməsi, sosial ədalətin bərqərar olunması, vətəndaş həmrəyliyi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi əsas hədəflər sırasında olub. Ötən illər ərzində qarşıya qoyulmuş bu vəzifələr yüksək səviyyədə icra edilib. Qürur hissi ilə vurğulamaq lazımdır ki, partiyamızın proqramı Azərbaycan xalqını və dövlətini qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə çatdırıb. Yeni proqram isə, əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsipləri dayanmaqla, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərini müəyyən edən sənəddir.

5 fəsildən ibarət olan proqramda regionda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan yeni hədəflər əksini tapıb.

Qeyd edilənlərdən əlavə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin digər iclaslarında həm partiyadaxili, həm də YAP-ın ictimai-siyasi proseslərdə iştirakı, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi və icrası ilə əlaqədar müxtəlif məsələlərə dair müzakirələr aparılıb, adekvat qərarlar qəbul edilib.

Təbii ki, görülən işlər mütəmadi olaraq təhlil edilir, müvafiq nəticələr çıxarılır və müəyyən olunmuş vəzifələrə və perspektiv hədəflərə dair müzakirələr aparılır, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Yeri gəlmişkən, qeyd edim ki, cari il fevralın 19-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə keçirilmiş müşavirədə partiyada aparılmış islahatlardan sonra qarşıda duran strateji vəzifələr geniş müzakirə olunub.

Sadalananlardan əlavə, Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə tədbirlərin keçirilməsi də milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən dövlətin strateji maraqlarının müdafiəsi naminə ictimai rəyin formalaşması baxımından da önəmlidir. Keçirdiyimiz tədbirlər həm gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, həm Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, həm partiyamızın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, həm də digər bir sıra istiqamətlərdə mühümdür. Nəzərə çatdırım ki, “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, “Qələbənin ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri”, “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə”, “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah”, “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu”, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar”, “Azərbaycan - Türkiyə, bir millət, iki dövlət: Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri”, “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi”, “Nəsillərə nümunə ömür yolu”, “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” və digər bir sıra mövzularda tədbirlər keçirilib, faydalı müzakirələr və fikir mübadilələri aparılıb. “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirdiyimiz tədbirdə “Böyük yolun Müzəffər davamçısı” kitabının da təqdimatı olub. Vurğulayım ki, YAP-ın dəstəyi ilə hazırlanmış nəşr Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunub. Kitab ayrı-ayrı istiqamətlər üzrə 60 bölmədən, yəni 60 ayrıca mövzudan ibarətdir. Bununla yanaşı, dünyanın nüfuzlu şəxsiyyətlərinin dövlət və hökumət başçılarının, tanınmış ictimai, siyasi və mədəniyyət xadimlərinin Prezident İlham Əliyev haqqında fikirlərinə yer verilib, 60 sitat diqqətə çatdırılıb. Eyni zamanda, 2003-cü ildən bəri həyata keçirilən siyasətin nəticələrini və Azərbaycanın qazandıği sosial-iqtisadi uğurları əks etdirən 60 statistik göstəriciyə nəzər salınıb. Həmçinin dövlət başçısının müxtəlif məsələlərlə əlaqədar fikirləri də kitabda öz əksini tapıb.

Bu gün Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması YAP-ın yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir.

Təbii ki, siyasi-ideoloji və təşkilati məsələlərlə əlaqədar işlərimiz davamlı və planlı xarakter daşıyır.

- Vətən müharibəsindən sonra meydana çıxan çağırışlardan bəhs etdiniz. Bilirik ki, Azərbaycan 44 günlük müharibədə qələbə qazanmaqla yeni reallıqlar yaradıb. Postmüharibə dövründə qarşıda duran mühüm vəzifələrdən biri də hərbi zəfəri diplomatik müstəvidə möhkəmləndirməkdir. Bunun üçün isə xarici siyasətin uğurla davam etdirilməsi müstəsna əhəmiyyətə malikdir. YAP bu prosesə hansı töhfəni verir, partiyanın beynəlxalq əlaqələri necə inkişaf edir?

- Doğrudur, Vətən müharibəsində qazanılmış möhtəşəm qələbənin strateji prosesə çevrilməsi, diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atılır. Yeni Azərbaycan Partiyası da bu istiqamətdə öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Ümumiyyətlə, partiyamızın səmərəli xarici əlaqələri və çoxşaxəli beynəlxalq əməkdaşlığı Azərbaycanın dövlətçilik maraqlarının qorunması üçün mühüm vasitədir. Sirr deyil ki, Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. YAP ölkənin inzibati-coğrafi sərhədlərindən - respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla, davam və inkişaf etdirməklə öz missiyasını yerinə yetirir. Şübhəsiz ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyalarından olan YAP-ın beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi yeni reallıqların təbliği, ölkəmizə qarşı yönəlmiş dezinformasiya və yalanların ifşası, informasiya müharibəsinə dəstək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətlər mühüm yer tutur. Bu münasibətlər çərçivəsində partiyalar arasında intensiv təmaslar davam etdirilir, səmərəli, faydalı müzakirələr, fikir və təcrübə mübadilələri aparılır.

Bu baxımdan, Azərbaycan-Türkiyə mənəvi-siyasi birliyinin və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geostrateji reallıqların fonunda YAP-AK Parti əlaqələrinin də keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. İki hakim siyasi partiya dövlət başçılarının qardaşlıq münasibətlərini örnək götürərək əlaqələri daha da gücləndirməyi, inkişaf etdirməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə müvafiq siyasi, hüquqi addımlar atılır. Ötən ilin iyun ayında mənim rəhbərliyimlə Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti AK Partinin yüksəksəviyyəli rəsmiləri ilə görüşlər keçirdi, eyni zamanda, tarixdə ilk dəfə olaraq iki partiya arasında Əməkdaşlıq Protokolu imzalandı. Səfər zamanı nümayəndə heyətimiz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edildi. Bu səfər çox səmərəli oldu və bizim qarşılıqlı münasibətlərimiz, gələcək əməkdaşlığımız üçün güclü hüquqi, institusional baza formalaşdırdı, siyasi əlaqələrin perspektiv inkişafı üçün əlverişli zəmin yaratdı. İyul ayında isə AK Parti sədrinin birinci müavini Numan Kurtulmuşun başçılığı ilə geniş nümayəndə heyəti ölkəmizə səfər etdi. Nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olundu. Bundan sonra bizim birgə fəaliyyətimizin dəqiq konturları müəyyən edildi.

Bunlarla yanaşı, hər iki partiyanın birgə təşkilatçılığı ilə tədbirlərin keçirilməsi Azərbaycan ilə Türkiyənin milli maraqlarına dair məsələlərdə faydalı və əhəmiyyətli müzakirələrin aparılması, təmasların sıxlaşdırılması və münasibətlərin inkişafı baxımından çox önəmlidir. Partiyalarımızın əməkdaşlığı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Qarabağ zəfəri sonrası reallıqlar və uydurma erməni soyqırımı açıqlamasının regionda sülhə və stabilliyə təsirləri”, “Qarabağ savaşı: Azərbaycan-Türkiyə qardaşlığının növbəti təntənəsi”, Gəncədə partiyalarımız arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzularında konfransların keçirilməsi faktını bu baxımdan ayrıca diqqətə çatdırmaq istəyirəm. Digər tərəfdən, 2021-ci ilin dekabrında İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammitində rəhbərliyimlə partiyamızın nümayəndə heyəti iştirak etdi. Toplantıda Azərbaycanla yanaşı, Pakistan, Meksika, İngiltərə, Belçika, Danimarka da daxil olmaqla, dünyanın 49 ölkəsindən təmsilçilər iştirak edirdilər. Tədbir çərçivəsində “Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıqları - iş dünyasının perspektivləri” mövzusunda panel iclasında çıxış edərək Azərbaycan təcrübəsi ilə əlaqədar bir sıra zəruri - vacib məqamları diqqətə çatdırdım. Dekabrın 7-də isə AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş ilə görüşümüz oldu. Görüş zamanı iki qardaş ölkənin hakim partiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində işlərin davamlılığı, növbəti perspektiv planlar müzakirə edildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bununla yanaşı, Numan Kurtulmuşla birlikdə keçirdiyimiz mətbuat konfransında partiyalarımız arasında əməkdaşlığın hazırkı səviyyəsi və perspektiv inkişafı ilə əlaqədar mühüm məqamlara toxunduq. Digər tərəfdən, partiyalarımızın gənclər təşkilatları arasında görüşlərin keçirilməsi, fikir və təcrübə mübadiləsinin aparılması münasibətlərimizə dinamizm gətirən mühüm amillərdəndir. Bütövlükdə, bu təmaslar, tədbirlər bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyinin güclənməsinə öz töhfəsini verir.

Digər dost ölkələrin hakim partiyaları ilə əlaqələrimiz də uğurla davam etdirilir. Bu baxımdan, vaxtaşırı səfərlərin həyata keçirilməsi və görüşlərin təşkili mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, ötən il YAP nümayəndə heyəti olaraq Ukraynaya səfərimiz çərçivəsində faydalı və məhsuldar görüşlər, təmaslar baş tutdu. Ukrayna Ali Radasının spikeri Ruslan Stefançukun rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşümüz zamanı iki ölkə arasında əməkdaşlığın inkişafından bəhs etdik, geniş müzakirələr apardıq. Bununla yanaşı, səfər çərçivəsində iki hakim partiya - YAP və “Xalqın Xidmətçisi” partiyası arasında əməkdaşlıq memorandumu imzalandı ki, bu da münasibətlərimizin əhatə dairəsinin genişlənməsi - yeni işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi üçün əlamətdardır.

Ötən il Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edən mühüm amillərdən biri də partiyamızın nümayəndə heyətinin Qazaxıstana səfəri oldu. Səfər zamanı paytaxt Nur-Sultanda təşkil edilən “Qazaxıstan siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” adlı Beynəlxalq Forumda YAP nümayəndə heyətinin rəhbəri kimi iştirak etdim. Tədbirdə seçki sistemləri, müasir seçki meyilləri, ənənəvi və alternativ ideologiyaların perspektivləri ilə bağlı müzakirələr aparıldı. Zənnimcə, forum siyasi partiyalar arasında münasibətlərin inkişafına, fikir mübadiləsinə və bu sahədə zəngin təcrübənin fomalaşmasına mühüm töhfə oldu. Səfər çərçivəsində nümayəndə heyətimiz Qazaxıstanın müstəqilliyinin 30 illik yubileyinə həsr olunan tədbirə qatıldı.

Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının münasibətləri də uğurla davam edir. Ötən ilin iyul ayında Çin Kommunist Partiyasının təşkilatçılığı ilə Dünya Siyasi Partiyalarının “Xalqın xoşbəxtliyi naminə: siyasi partiyaların məsuliyyəti” mövzusunda videokonfrans formatında keçirilən sammitdə Yeni Azərbaycan Partiyası da təmsil olundu. 2021-ci il oktyabr ayının 29-da Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini, nazir Çyan Xunşan ilə videoformatda görüşümüzdə əlaqələrin intensivləşdirilməsi və digər bir sıra məsələlərlə əlaqədar zəruri müzakirələr apardıq. Əminliklə ifadə edildi ki, partiyalar arasında münasibətlər öz növbəsində dövlətlərimizin əlaqələrinin daha da güclənməsinə müsbət təsir edir. Noyabrın 19-da isə 19-cu çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin 6-cı plenar iclasının yekunlarına dair onlayn formatda keçirilən brifinqdə 40 nəfərə yaxın YAP üzvü iştirak etdi. “Pekin 2022” Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Çində işgüzar səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədovun Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici Əlaqələr Şöbəsinin müdiri, nazir Sun Tao ilə görüşündə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əlaqələrin inkişaf edirilməsi məsələləri müzakirə olunmuşdur. Bu da, öz növbəsində, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa verilən önəmin daha bir bariz nümunəsidir.

Səfərlər və görüşlər zamanı partiyalararası əməkdaşlıq məsələlərinin müzakirə olunması ilə yanaşı, Azərbaycan həqiqətlərinin, xüsusilə də postmüharibə reallıqlarının diqqətə çatdırılması da, zənnimcə, əhəmiyyətlidir. Çünki qeyd etdiyim kimi, yeni mərhələdə qarşımızda duran əsas vəzifə Qarabağ Zəfərinin diplomatik və informasiya müstəvisində möhkəmləndirilməsi, dost və tərəfdaşlarımızın sayının artırılması, Azərbaycana dəstəyin gücləndirilməsidir. Düşünürəm ki, YAP-ın xarici əlaqələrinin genişləndirilməsi də bu prosesə mühüm töhfədir.

- Son olaraq cari il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü olacaq. YAP-ın keçdiyi inkişaf yolu və yubileylə əlaqədar keçiriləcək tədbirlər barədə fikirlərinizi bilmək istərdik...

- Əvvəla qeyd edim ki, 30 il bir ölkə və siyasi partiya üçün nə az, nə çoxdur. Bəzi ölkələr bu müddət ərzində zəngin və şərəfli inkişaf yolu keçirlər, bir qismi isə tənəzzül, xaos və anarxiya ilə üzləşirlər. Bu barədə dünyada, o cümlədən regionumuzda və postsovet məkanında kifayət qədər nümunə var. Burada əsas amil güclü və qətiyyətli lider faktoru, həmçinin xalq-iqtidar birliyi, milli həmrəylikdir. Bu baxımdan, Azərbaycan xalqı xoşbəxt və şanslıdır. Çünki xalqımız istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və ümumbəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin strateji zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdır. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti müstəsna əhəmiyyətə malik olan və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdəndir. Bu, çoxəsrlik dövlətçilik tariximizin Heydər Əliyev erasının çox mühüm səhifələrindən biri, yeni Azərbaycanın müstəqil dövlət kimi dinamik inkişaf yoluna qədəm qoymasının başlanğıcıdır.

Biz haqlı olaraq YAP-ın yaradılmasının 30-cu ildönümünü qürurla, iftixarla qarşılayır və qeyd edirik. Çünki Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmişdir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi və Azərbaycana qalib dövlət imici qazandırması da bu reallığın təsdiqidir. YAP qalib xalqımızın Zəfər partiyasıdır.

Ona görə də partiyamızın 30 illik şərəfli və zəngin siyasi inkişaf yolunun öyrənilməsi, təbliğ edilməsi məqsədilə işlərin görülməsi - tədbirlər keçirilməsi olduqca əhəmiyyətlidir. Bu, həm müasir müstəqil Azərbaycanın siyasi tərəqqi tarixinin, siyasi sistemin inkişaf qanunauyğunluqlarının, həm də mənəvi - ümumxalq sərvətimiz olan Heydər Əliyev irsinin, Prezident İlham Əliyevin alternativsiz siyasətinin əsaslarının dərindən öyrənilməsi baxımından vacibdir.

Diqqətə çatdırım ki, Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Sözsüz ki, Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı nailiyyətlərə imza atan Yeni Azərbaycan Partiyası yeni mərhələdə - bundan sonra da öz üzərinə düşən vəzifələri layiqincə, şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcəkdir. Çünki YAP, Ümummilli Liderimizin dediyi kimi, dünənin, bu günün və sabahın partiyasıdır. Dünən Azərbaycan xalqının, dövlətinin ictimai-siyasi məsuliyyətini öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP sabah da taleyüklü məsələlərin həllində və tarixi məsuliyyət anlarında öz sözünü deyəcək - ümumxalq partiyası olduğunu hər zaman təsdiqləyəcək!

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır