Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

15 sentyabr Bakının işğaldan azad olunması günüdür

1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu Bakını eser-daşnak qüvvələrindən azad etmək üçün şəhərə yaxınlaşır, sentyabrın 15-də Bakını azad edir və nəticədə “Sentrokaspi diktaturası” süquta uğrayır. General Denstervil gəldiyi gəmi ilə Bakıdan Petrovsk (indiki Mahacqala) limanına qaçır... İngilislər Bakını tərk edəndən sonra - 1918-ci il sentyabrın 17-dən Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıda fəaliyyət göstərməyə başlayır. Yeni hökumətin Bakıda qəbul etdiyi ilk qərarlardan biri neft sənayesinin dövlətsizləşdirilməsi, daha doğrusu, milliləşdirmənin ləğv edilməsi barədə olur.

Bu haqda Azərbaycan Cümhuriyyəti Nazirlər Şurasının qərarı 7 oktyabr 1918-ci il tarixli “Azərbaycan” qəzetinin (rus dilində) birinci səhifəsində dərc edilib. Qərarın birinci bəndində deyilirdi: “Keçmiş Bakı Xalq Komissarları Sovetinin Bakı quberniyası ərazisindəki neft sənayesi müəssisələrinin və buna müvafiq müəssisələrin, o cümlədən Ticarət Donanmasının milliləşdirilməsi, habelə həmin müəssisələrin idarə edilməsi qaydaları haqqında verdiyi bütün dekret və sərəncamlar ləğv edilmiş hesab olunsun”. Həmin qərara əsasən, bütün mədənlər, zavodlar və gəmilər, onların əmlakı və s. dərhal əvvəlki sahiblərinə və səlahiyyətli nümayəndələrinə qaytarılırdı. Hökumətin daha bir qərarı ilə Xəzər dənizində gəmiçilik təsərrüfatı bütünlüklə Yollar Nazirliyinin tərkibinə daxil edilir. Azərbaycan hökuməti Yollar Naziri vəzifəsinə dəmir yolu işləri sahəsində böyük təcrübəsi olan məşhur ixtiraçı-mühəndis Xudadat bəy Məlik-Aslanovu təyin edir. Sonrakı dörd hökumət kabinələrində də Yollar Naziri vəzifəsini X.Məlik-Aslanov tutmuşdur.

Yollar Nazirliyinin strukturuna dəmir yolları idarəsi, su və şose yolları idarəsi daxil idi. Bakı Dənizçilik Məktəbi, Azərbaycan dəmir yolunun mühafizəsi idarəsi və Bibiheybət buxtasının torpaqlanması idarəsi də nazirliyin tabeliyinə verilmişdi. “Azərbaycan” qəzetinin 16 oktyabr tarixli nömrəsində xəbər verilirdi ki, Yollar Nazirinin əmri ilə Bakı Ticarət Limanının idarəetməsi bərpa edilir və limanın rəisi vəzifəsinin icrası müvəqqəti olaraq Yollar Nazirliyinin mühəndisi Pavel Pototskiyə həvalə olunur.

Qəzetin 25 oktyabr tarixli nömrəsində isə Yollar Naziri X.Məlik-Aslanovun adından elan dərc edilmişdi: “Azərbaycan hökumətinin 5 oktyabr 1918-ci il tarixli qərarı ilə ticarət limanı və gəmiçiliyə aid yardımçı müəssisələr dövlətsizləşdirilir. Bu iş Yollar Nazirinin müvəkkili P.Pototski vasitəsilə həyata keçirilir və əmlakların qaytarılması xüsusi aktla təsdiq edilir”. Həmçinin bildirilirdi ki, bu məsələyə dair hər cür iddia və şikayətlər dekabrın 1-dək Bakı Ticarət Limanında yaradılmış dəftərxanada qəbul olunur. Elan “Azərbaycan” qəzetində bir neçə gün təkrar-təkrar dərc edilir ki, hamının xəbəri olsun.

Dövlət Tarix Arxivində “Kavkaz i Merkuri” cəmiyyətinə məxsus əmlakın öz sahibinə qaytarılması barədə aktlar saxlanılır. 1918-ci il noyabrın 2-də tərtib edilmiş aktı Azərbaycan hökuməti tərəfindən Yollar Nazirinin müvəkkili P.Pototski, “Kavkaz i Merkuri” və “Vostoçnoye” Yük Anbarları Cəmiyyəti” tərəfindən isə mühəndis N.Spektorski imzalayıblar. Həmin sənəddə göstərilir ki, hər iki cəmiyyətə məxsus gəmilər, teploxodlar, barkaslar və digər üzmə vasitələri, eləcə də mexaniki zavodlar, ellinqlər, emalatxanalar, material anbarları, körpülər, yük anbarları, yaşayış evləri və s. əmlak öz sahiblərinə qaytarılır...

Belə təsəvvür yaranırdı ki, artıq Azərbaycan düşmən hərbi qüvvələrdən tamamilə təmizlənib və müstəqil Azərbaycan dövləti ölkəyə rəhbərliyi maneəsiz həyata keçirə bilər. Lakin... Onda hələ Birinci Dünya Müharibəsi rəsmi olaraq başa çatmamışdı. Xüsusən, bu müharibədə Türkiyənin məğlub durumda olması vəziyyəti daha da gərginləşdirirdi. 1918-ci il oktyabrın 30-da indiki Yunanıstan ərazisində yerləşən Mudros limanında Antantanın və Türkiyənin nümayəndələri arasında Mudros barışığı imzalanır. Müharibədə uduzan Türkiyənin barışığın ağır şərtləri ilə razılaşmaqdan başqa yolu qalmır. Həmin sənədə əsasən, Türkiyə qoşunları Zaqafqaziyadan çıxarılır, müttəfiq dövlətlərin qoşunlarının Batumi və Bakını tutmasına icazə verilirdi.

Müəllif Müsəllim Həsənov 

"Azərbaycanda  Gəmiçilik:Sənədli tarix" kitabından 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır