• Bakı, 2020-02-18,
Seanews
Heyder Eliyev

XDND-nin 70 illik yubileyi və qarşıdan gələn bayramlar münasibətilə təntənəli mərasim keçirilib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının 70 illik yubileyi, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə təntənəli mərasim keçirilib.

Əvvəlcə Xəzər Dəniz Neft Donanmasına (XDND) həsr olunmuş film nümayiş etdirilib. Filmdə XDND-nin yaranması, Azərbaycanda açıq dənizdə ilk dəfə neftin çıxarılmasında neftçilərlə yanaşı, dənizçilərin göstərdikləri qəhrəmanlıq, qazanılmış uğurlar əks olunub.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev tədbir iştirakçılarını həm XDND-nin yaranmasının 70 illiyi, həm 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü, həm də qarşıdan gələn 2020-ci il münasibəti ilə təbrik edib.

Rauf Vəliyev bildirib ki, son iki il ASCO üçün xüsusilə əlamətdar olub.  Belə ki, ötən il Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160, bu il isə Xəzər Dəniz Neft Donanmasının 70 illik yubileyi qeyd edilib. Sədr həm Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin, həm də Xəzər Dəniz Neft Donanmasının Azərbaycan dənizçilik sənayesində mühüm rolu olduğunu deyib. Əlavə edib ki, 2013-cü ildən Prezident İlham Əliyevin Sərəncamı ilə bu strukturlar vahid bir orqanizmdə birləşdirilib və nəticədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yaradılıb.

“70 illik yubileyini qeyd etdiyimiz ASCO-nun Xəzər Dəniz Neft Donanmasının tarixi Neft Daşlarının yaranması ilə eyni dövrə təsadüf edir. Donanmanın dənizçiləri və gəmilərinin Azərbaycanda açıq dənizdə ilk dəfə neftin çıxarılmasında böyük rolu olub. 1949-cu ildə yaradılarkən əsasən kiçik subasımlı üzən vasitələrdən, dartma qüvvəsi  çox da böyük olmayan yedək, təchizat və az sayda  kran gəmilərindən ibarət olan Neft  Donanmasının tərkibinə hazırda hövzədə neft-qaz hasilatı ilə bağlı çoxsaylı xidmətlər təklif edən, yüksək texniki göstəricilərə malik 200-dən çox gəmi daxildir”- deyə, sədr bildirib.

Rauf Vəliyev qeyd edib ki, Ulu öndər Heydər Əliyev Xəzər Dəniz Neft Donanmasını, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlayıb. Məhz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş kompleks tədbirlərin nəticəsidir ki, Azərbaycan indi gəmiçilik sahəsində kifayət qədər yüksək potensiala malikdir. Fərəhli haldır ki, mahiyyət etibarı ilə müstəqil  dövlətimizin  inkişaf və tərəqqi konsepsiyası olan bu strategiya möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının  rəhbərliyi altında uğurla davam etdirilir. Hazırda Xəzər Dəniz Neft Donanması Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin həyata keçirilməsində mühüm rol oynayır.

 Azərbaycanda reallaşan transmilli layihələr, demək olar ki, bugün Xəzər hövzəsini beynəlxalq əməkdaşlıq meydanına çevirib. Bu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən Xəzər Dəniz Neft Donanmasının qarşısında geniş üfüqlər açır.

Çıxışının sonunda sədr bir daha bütün kollektivi bayramlar və XDND-nin yubileyi münasibəti ilə təbrik edib,  hər kəsə möhkəm cansağlığı,  yeni-yeni uğurlar arzulayıb. Kollektivin bütün üzvlərinin bundan sonra da öz bilik və bacarığına, zəngin təcrübəsinə əsaslanıb, yüksək göstəricilər əldə edəcəyinə və ölkə başçısı İlham Əliyevin dənizçilərə olan etimadını daha da yaxşı doğruldacaqlarına əminliyini ifadə edib.

Daha sonra tədbirdə iştirak edən Xəzər Dəniz Neft Donanmasının təcrübəli əməkdaşlarına, eləcə də veteran dənizçilərə söz verilib. Onlar əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın neft strategiyasının həyata keçirilməsinə töhfə verməyin qürurverici olduğunu bildiriblər.

Tədbir Azərbaycanın incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib. Xalq artisti Mübariz Tağıyevin oxuduğu  dənizçilərə həsr olunan “Dənizçilər var olsun!” mahnısı isə qonaqlarda böyük coşqu yaradıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır