Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Veteran dənizçi İsrail Bayramov 70 illik yubileyini qeyd edir

Gəmiçiliyin bugünkü inkişafı yüzlərlə insanın yorulmaz fəaliyyətinin nəticəsidir. Onlar heç vaxt unudulmur, əksinə daim böyük hörmətlə xatırlanırlar. Belə insanlardan biri də Əməkdar mühəndis İsrail Bayramovdur.  O, ömrünün yarım əsrə yaxın hissəsini dəniz nəqliyyatı sahəsinə həsr edib. Bu gün isə 70 illik yubileyidir.

İsrail Bayramov 3 may 1953-cü ildə Quqarkda dünyaya göz açıb. 1971-ci ildə Qazaxın Muğanlı kənd orta məktəbini bitirib. 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutundan “su təchizatı” ixtisası üzrə məzun olub. 1985-1989-cu illərdə Odessa Dəniz Mühəndisləri İnstitutunda “gəmi mexaniki” ixtisasına yiyələnib.

İsrail Bayramov əmək fəaliyyətinə 1974-cü ildə “Sov.İKP XXI qurultayı” adına gəmi təmiri zavodunda tornaçı şagirdi olaraq başlayıb. 1976-cı ildə mexanika sexində texnoloq vəzifəsinə keçib, 1979-cu ildə tornaçılar sahəsində baş usta işləyib.1990-cı ildə Xəzər Dəniz Neft Donanmasının Texniki şöbəsində mühəndis kimi fəaliyyətı başlayıb. Bir müddət Qırmızı dənizdə “Yarenqa” gəmisində çalışıb. 1995-ci ildə Donanmanın Texniki istismar xidmətinin rəis müavini, 1996-cı ildə Texniki şöbənin rəisi olub.

O, 1998-ci ildə Qazaxıstanda neft çıxarılması üçün ilk süni adanın salınmasında iştirak edib. Elə həmin il Xəzər Dəniz Neft Donanmasının baş mühəndisi təyin olunub. 2014-2017-ci illərdə  Donanmanın rəisi, 2017-ci ildən isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Texniki direktoru işləyib.

İsrail Bayramovun əmək fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin sərəncamları ilə 2005-ci ildə "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adına, 2011-ci ildə "Tərəqqi" medalına, 2018-ci ildə 3-cü dərəcəli "Əmək" ordeninə layiq görülüb.

Bundan başqa, qocaman dənizçi 2010-cu ildə "Donanmanın fəxri işçisi" fəxri adı, 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" yubiley medalı, 2019-cu ildə "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilib.

Şərəfli 70 illik yubileyi münasibətilə İsrail Bayramovu bütün ASCO ailəsi adından təbrik edir, ona cansağlığı, xoş əhvali-ruhiyyə və gözəl günlər arzulayırıq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır