ADDA və ODTÜ rəhbərlikləri aktiv akademik və elmi əməkdaşlığa başlamaq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ) rəhbərliyi arasında onlayn formatda əməkdaşlıq görüşü keçirilib. Görüşdə ADDA-nın rektoru vəzifəsini icra edən Eldar Qocayev və ODTÜ-nün rektoru Ahmet Yozgatlıgil öz akademik və inzibati komandaları ilə birlikdə iştirak ediblər.
Görüş zamanı ADDA ilə ODTÜ arasında akademik və elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları müzakirə olunub. Əsasən müasir və rəqəmsal tədris modellərinin tətbiqi, birgə elmi-tədqiqatlar, akademik mübadilə, eləcə də universitet idarəçiliyində keyfiyyət təminatı məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər iki ali təhsil müəssisəsi arasında mümkün ən yaxın dövrdə konkret sahələr üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəliblər. Bu əməkdaşlığın hər iki ali təhsil müəssisəsinin beynəlxalq akademik mövqeyinin gücləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

