Avstraliyanı kəşf edən ilk avropalı
Hollandiyalı Villem Yanszon Avstraliyanı kəşf edən ilk avropalı sayılır. O, 1605-ci il noyabrın 28-də "Dufken" gəmisində Bantamdan naməlum ərazilərə yola düşür. Kay və Aru adalarının şimalından keçərək Yeni Qvineyanın cənub sahillərinə çatır. Yanszon buranı "Bataqlıq diyarı" adlandırır və sahil xətti boyu 400 kilometr yol qət edir.
Daha sonra Kolepom adasını keçərək cənub-şərqə dönür və Arafur dənizinin mərkəzi hissəsini də arxada qoyaraq tanımadığı bir sahilə yaxınlaşır. Bura məhz Avstraliya olur.
"Dufken" gəmisi 1606-cı il iyunun 6-da Kerver burnundan 180º dönərək geri qayıdır. Albatros körfəzinə eniş əsnasında hollandlar ilk Avstraliya aborigenləri ilə əlaqə qururlar. Lakin onlar arasında döyüş başlayır və hər iki tərəf itki verir. Şimala doğru hərəkət edən dənizçilər Keyp York yarımadasının sahilləri boyu üzürlər və demək olar ki, şimal ucuna qədər ərazini xəritəyə salırlar. Yanszonun xəritəsində “Yeni Hollandiya” kimi qeyd olunan Avstraliyanın ümumi sahil boyu uzunluğu təqribən 350 kilometr olub.
Avstraliyanın ilk xəritəsi bu günə kimi qorunub saxlanılıb. Şimaldan Torres boğazına doğru irəliləyən hollandlar kiçik adalar və xəritədə "qorxulu yer" kimi qeyd olunan bir neçə rif (sualtı qayalar) də kəşf ediblər.