• Bakı, 2020-10-01,
Seanews
Heyder Eliyev

Dünyanın ən nüfuzlu reqataları

Təqdim etdiyimiz siyahıda dünyanın 10 ən nüfuzlu reqatası yer alıb.

"Senaews.az" xəbər verir ki, bu yarışlarda həm peşəkar, həm də həvəskar yelkənçilər iştirak edə bilərlər.

1. “Rolex Fastnet Race” – Böyük Britaniya



İlk dəfə 1925-ci ildə keçirilən bu reqata dünyanın ən qədim yarışlarından hesab olunur. Hər 2 ildən bir keçirilən yarış “Royal Ocean Racing Club” Kral yaxt klubu tərəfindən təşkil edilir. Əfsanəvi Fastnet qayası, hava şəraiti tez-tez dəyişən iqlim, uzunluğu 608 mil olan bu yarışı bənzərsiz və maraqlı edir. 1979-cu ildə yarış zamanı kəskin hava şəraiti səbəbindən 15 yelkənçi həlak olur. Bu hadisədən sonra yarışa qatılmaq şərtləri sərtləşdirilir.

2. “Rolex Sydney Hobart Yacht Race” – Avstraliya



630 mil məsafədə keçirilən bu yarış dünyanın ən mürəkkəb yarışlarından hesab olunur. Mövsümdən asılı olmayaraq daim əsən sürətli külək yelkənçilər üçün çətin vəziyyət yaradır.  1998-ci ildə kəskin hava şəraiti bu yarışda 6 yelkənçinin həyatına son qoyur. 2004-cü ildə isə əlverişsiz hava şəraitinə görə yarış yarımçıq saxlanılır.

3. “Rolex Middle Sea Race” – Malta



Aralıq dənizində Siciliya adası ətrafında 608 mil məsafə üçün nəzərdə tutulan bu yarış dünyanın ən gözəl və mürəkkəb yarışlarındandır. Aktiv Stromboli vulkanı yaxınlığında keçirilməsi yarışı daha dinamik edir.

4. “Copa Del Rey” – İspaniya



Qısa məsafədən ibarət 6 günlük yarış Mayorkada – Balear adalarının ərazisində keçirilir. Yelkənli idman növünün böyük pərəstişkarı olan İspaniya kralı da şəxsən yarışda iştirak edir. Yarış hər il iyul-avqust aylarında keçirilir.

5. “Giraglia Rolex Cup” –  Fransa-İtaliya



Yarış 2 formatda keçirilir – qısa məsafədə və Giraglia adası boyunca Sen-Trope körfəzi ərazisində 243 mil məsafədə. İştirakçılar Azur Sahili, İtalyan Rivyerası, Sen-Trope körfəzi, San-Remo, Marsel və Genuya kimi gözəl şəhərlərin sahillərində yarışırlar.

6. “Les Volles de St. Tropez” – Fransa



Sen-Trope körfəzində 5 gün davam edən yarış dünyanın ən baxımlı reqatalarından hesab olunur.
Reqatanın vizit kartlarından biri yarışda retro qayıqların iştirak etməsidir.

7. “Cowes Week” – Böyük Britaniya



1826-cı ildə start götürən reqata tarixin ən qədim yarışlarından biridir.  8 gün davam edən yarışda 1000-dən çox qayıq, 8000 idmançı iştirak edir.

8. “PalmaVela” – İspaniya



Bu reqata “Copa del Rey” yarışının qısa variantıdır.  Mayorka adası ətrafındakı körfəzdə qısaməsafəli 3-4 günlük həyəcanlı yarış keçirilir. İlkin olaraq kiçik sinif qayıqlar üçün nəzərdə tutulmuş yarışın iştirakçıları ildən-ilə artır.

9. “Newport  Bermuda Race” – ABŞ



1906-cı ildə təsis edilmiş bu yarış ildə 2 dəfə keçirilir. Və hər il Nyuportdan Bermud adalarına qədər olan 635 dəniz mili məsafəsini 200 idmançı qət etməyə çalışır.

10. “RORC Caribbean 600” – Karib adaları



Kral Okean Yarışları Klubu (R.O.R.C.) tərəfindən təsis edilmiş reqataya ildən-ilə daha çox idmançı qatılır. Digər reqatalardan fərqli olaraq bu reqata fevral ayında gerçəkləşdirilir. Karib arxipelaqının ən mənzərəli yerlərində keçirilən yarışda idmançılar 600 mil məsafədə birincilik uğrunda mübarizə aparırlar.

Tərcümə etdi: İlqar Quliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır