Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Kruiz səfərləri 

Kruiz səfərləri neçə illərdir ki, ABŞ-ın və Avropanın keyfiyyətli tətil və istirahət axtarışında olan əksər sakinlərinin seçimidir. 

Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Əsasən dünyada kruiz səfərləri ABŞ və Avropada insanların üstünlük verdiyi səyahət növü olsa da, hazırda dünyanın hər yerinə kruizlər təşkil olunur. Hər il orta hesabla 15 min kruiz səfəri reallaşdırılır. Bu səfərlərdə iştirak edənlərin 20%-ə yaxını ilk kruiz səfərinə çıxan insanlardır, bu, o deməkdir ki, kruiz səfərlərindən daha çox insan faydalanmağa başlayır.

Kruiz gəmiləri 2 mindən 6 minədək qonağın istirahətini təşkil edə biləcək nəhənglikdə olur. Təsəvvürün formalaşması üçün misal olaraq deyək ki, bu, təxminən 20 mərtəbəli üzən binadır. Kruiz gəmilərinin uzunluğu 350 metrə çatır, bu da təxminən 5 ədəd təyyarənin uzunluğu qədərdir.

Nəyə görə insanlar gəmi vasitəsilə səyahətə üstünlük verir?

Hər şeydən əvvəl kruiz səyahətini cəlbedici edən xüsusiyyət onun insanlar arasında prestijli hesab olunmasıdır. Çünki, gəmidə şam yeməkləri, operalar və teatrlar səfərə xüsusi ziyafət ab-havası qatır.

Adətən, tətilində bir neçə şəhər və ya ölkə gəzmək istəyən insanlar hotel xərclərindən azad olmaq üçün transfer müddətini gecəyə salır və xərcdən yayına bilir. Lakin, otelsiz səfər nizamlana bilsə də, müxtəlif şəhərlərdə müxtəlif qiymətlərlə gündə ən azından 3 dəfə qidalanmağa ehtiyac yaranır və bu xərci səyahətçi ödəyir.

Kruiz səfərində gəmi sizin qalacaq yeriniz olur, həmçinin, yad şəhərdə damaq dadınıza uyğun keyfiyyətli yemək axtarmaq da asan deyil. Kruiz gəmiləri isə sərnişinlərini bu əziyyətdən xilas edir və gün ərzində 3 dəfə qidalanmanı təmin edir. Oteldən fərqli olaraq sizin qazancınız təkcə yemək və qalmaq yeri deyil, həmçinin, siz gəmi daxilində təşkil olunan şou proqramlarda iştirak edə, əyləncələrə qatıla, kitabxana və ya hovuzdan istifadə edə və gəminin təşkil etdiyi digər xidmətlərdən yararlana bilirsiniz.

Kruiz gəmiləri hazırda ən təhlükəsiz nəqliyyat vasitələridir. Burada yüksək təhlükəsizlik tədbirləri görülür və öncədən planlanmış cədvəl və xəritələr əsasında səfər baş tutur. Son 10 ildə texnologiyanın inkişafı sayəsində hazırlanan innovativ gəmilər icazə verir ki, səfər tarixi havanın sakit vaxtına təyin edilsin və yolda yarana biləcək hər hansı təhlükəyə qarşı öncədən xəbərdarlıqlar əldə olunsun.

Hətta ən kiçik narahatlıqda belə gəmi kapitanı su sərhədi daxilində olduğu ölkənin sahil təhlükəsizlik idarəsinə, gəminin məxsus olduğu şirkətə və kruiz səfərlərinə cavabdeh olan beynəlxalq mərkəzə xəbər göndərir və ən geci yarım saat ərzində problem aradan qaldırılır.

Sizin kruiz səyahətiniz təkcə gəmi ilə sərhədlənmir, eyni zamanda gəmi sizi marşrut üzrə müəyyən liman şəhərlərinə aparır, həmin şəhəri gəzməyiniz üçün sizə kifayət qədər vaxt ayırır, hətta sizin üçün şəhər turları da təşkil edir. Qayıdış vaxtı isə dəqiq olur.
Kruizin qiymətlərinə gəldikdə isə, qiymətlər Azərbaycanda orta gəlirli ailələrin 7-10 günlük yay tətillərinə xərclədikləri xərclə eynidir.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır