

Dənizçilikdə qadınların təmsilçiliyinə dair hesabat yayımlanıb
Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Beynəlxalq Dəniz Ticarəti ilə Məşğul Olan Qadınlar Dərnəyi (WISTA) tərəfindən hazırlanmış “Dənizçilikdə Qadın” adlı hesabatın ikinci buraxılışı yayımlanıb.
“Seanews” xəbər verir ki, hesabat dənizçilik sektorundakı qadın əməkdaşların sayı ilə bağlı ən son statistik məlumatları təqdim edir.
Nəticələrə əsasən, dənizçilikdə qadın işçilərin sayı 2021-ci ildə 151 979-dan 2024-cü ildə 176820-yə yüksəlib. Lakin ümumi işçi qüvvəsində qadınların nisbəti 2021-ci ildəki 26%-dən, 2024-cü ildə 19%-ə düşüb.
Hesabatda IMO-ya üzv dövlətlərin milli dənizçilik orqanlarında qadınların işçi qüvvəsinin yalnız 19%-ni təşkil etdiyi bildirilib. Özəl sektorda isə bu rəqəm 16%-dir. Daha diqqət çəkəni isə, dənizçi kimi fəaliyyət göstərən qadınların ümumi işçi qüvvəsində cəmi 1%-lik paya malik olmasıdır.
Hesabatda qeyd edilir ki, ətraf mühitin davamlılığı (ESG) və karbon emissiyalarının azaldılması kimi yeni inkişaf edən sahələrdə qadınların təmsilçiliyi nisbətən yüksəkdir.
Cinsiyyət bərabərliyinin təmin olunması üçün hesabat geniş tövsiyələr verir. Bunlara işə qəbul strategiyalarının təkmilləşdirilməsi, liderlik proqramlarının inkişaf etdirilməsi, təhlükəsiz iş mühitlərinin yaradılması və mentorluq sistemlərinin genişləndirilməsi daxildir.
IMO-nun Baş katibi Arsenio Dominguez bildirib ki, qadınların sektora cəlb olunmasının artması müsbət haldır, lakin cinsiyyət bərabərliyi baxımından hələ çox iş görülməlidir.