







































Dənizçi ailələri arasında “Atam, anam və mən” yarışı keçirilib
ASCO-nun bütün strukturlarını təmsil edən ailələr arasında “Atam, anam və mən” adlı idman-turizm yarışı təşkil edilib. Ümumilikdə 19 ailənin (70 nəfərdən çox iştirakçı) iştirakı ilə keçirilən yarış Xaçmaz rayonunda yerləşən “Dənizçi” İstirahət Mərkəzində baş tutub.
Tədbirin məqsədi dənizçilər və onların ailələri arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması və onların asudə vaxtının səmərəli təşkili olub.
“Atam, anam və mən” yarışında ailələr müxtəlif mərhələli sınaqlarda qüvvələrini sınayıblar. Proqramda çadır quraşdırmaq, meşə zolağındakı maneələri dəf etmək, topları səbətə atmaq, labirint şəklində quraşdırılmış iplərin arasından keçmək, iki ağaca bağlanmış ipin üzərindən yerimək, oxlarla hədəfi vurmaq və digər maraqlı yarışlar yer alıb. Qaydalar çərçivəsində qalib gəlmək üçün valideynlərlə yanaşı, ailənin ən kiçik üzvlərinin çevikliyi və fəallığı da əsas şərtlərdən biri olub.
Yarışların ümumi nəticələrinə əsasən, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodundan Dadaşovlar ailəsi və Azərbaycan Dövlət Dəniz Akademiyasından Əzizovlar ailəsi qalib adını qazanıb. İkinci yeri “Bibiheybət” Gəmi Təmiri Zavodundan Bağırovlar və Məmmədovlar ailəsi tutub. Üçüncü yerdə Azərbaycan Dövlət Dəniz Akademiyasından İsmayılovlar ailəsi və Azərbaycan Dənizçilik Kollecindən Qəmbərovlar ailəsi qərarlaşıb.
Qalib ailələrə diplom və hədiyyələr təqdim olunub.
ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin təşkilatçılığı ilə keçirilən tədbirin son günündə uşaqlar üçün “Şən startlar” adlı əyləncəli oyun, eləcə də ailələr arasında stadionda futbol yarışı keçirilib.