Gəmidə film kimi təxliyə təlimi: izləyənlər real olduğunu düşünüb təşvişə düşdülər - VİDEO
"Admiral de Ribas" adlı ticarət gəmisinin kapitanı Hasan Şahin La Korunya limanına doğru hərəkətdə olarkən, İspaniya Sahil Mühafizəsi ilə birgə dənizdə təxliyə təlimi keçirib. Təlim əvvəlcədən razılaşdırılmış ssenari əsasında İspaniya sahilləri yaxınlığında baş tutub.
"Seanews.az" xəbər verir ki, təlim zamanı ssenariyə uyğun olaraq, batmaqda olan gəmidəki "yaralı" bir heyət üzvü İspan Sahil Mühafizəsinin helikopteri ilə gəmidən təxliyə edilib.
Təlimdən sonra görüntüləri çalışdığı şirkətə göndərən kapitan bunun bir təlim olduğunu bildirsə də, bəzi əməkdaşlar videonun başlığını oxumadan izlədiklərinə görə real qəza baş verdiyini düşünərək təşvişə düşüblər.
Qeyd edək ki, bu cür helikopter dəstəyi ilə edilən təlimlər dənizdə nadir hallarda təşkil olunur, məhz bu səbəbdən görüntülər izləyənlər arasında təəccüb və narahatlıq yaradıb.
Təlim görüntüləri dənizçilər və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çox təcrübəli dənizçi belə real ssenarili və texniki baxımdan uğurlu təlimlərin vacibliyini vurğulayaraq, kapitana və heyətinə təşəkkür ediblər.

