“Adora Flora City” kruiz gəmisinin tikintisi son mərhələyə qədəm qoyub
“Adora Cruises” kruiz operatoru üçün ikinci “Adora Flora City” kruiz gəmisinin tikintisi son mərhələyə qədəm qoyub.
“Seanews.az” xəbər verir ki, tikinti Çinin “Shanghai Waigaoqiao Shipbuilding” (“China Shipbuilding Group”-un törəmə müəssisəsi) tərsanəsində aparılır.
Yaxın vaxtlarda gəmidaxili bəzək işlərinə, avadanlıqların quraşdırılmasına və müxtəlif gəmi sistemlərinin sazlanmasına başlanacaq.
16 göyərtəli müasir kruiz gəmisinin tikintisi qrafiki qabaqlayır.
Birinci kruiz gəmisi “Adora Magic City” ilə müqayisədə ikinci laynerin ümumi tutumu 6,4 min ton artırılaraq 141,9 min tona çatdırılıb. Gəminin uzunluğu 341 metrdir (+17,4 metr), 2144 (+19) sərnişin kayutu 5232 nəfər üçün nəzərdə tutulub.
Hesabatda qeyd edilir ki, “Adora Flora City” bu tonajlı ikinci kruiz gəmisidir ki, yerli texnologiyalardan istifadə etməklə Çin tərsanəsində tikilir.
Xatırladaq ki, Çin istehsalı olan və inşa edilən ilk belə kruiz gəmisi “Adora Magic City” 2023-cü ilin noyabrında Şanxayda istismara verilmişdi.