Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-03,
Seanews
Heyder Eliyev

Gəmi-muzeydə beynəlxalq rəsm sərgisinin açılışı olub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə həyata keçirdiyi “Mədəniyyət körpüsü” layihəsi çərçivəsində beynəlxalq rəsm sərgisinin açılışı olub.

“Suraxanı” gəmi-muzeydə baş tutan tədbirdə ASCO rəhbərliyi, ölkəmizdə fəaliyyət göstərən müxtəlif xarici ölkələrin səfirliklərinin nümayəndələri, rəssamlar, dənizçilər, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ASCO sədrinin müavini Zaur Nağıyev çıxış edərək bildirib ki, ASCO Korporativ Sosial Məsuliyyəti çərçivəsində indiyədək mədəniyyətin müxtəlif sahələri üzrə bir çox tədbirlər reallaşdırıb. Məhz milli gəmiçiliyin əsasının qoyulmasının 165 illiyi çərçivəsində həyata keçirilən “Mədəniyyət körpüsü” də bunlardan biridir. Layihə dənizçilik tariximizin, ənənələrimizin rəsm əsərləri vasitəsilə geniş auditoriyaya çatdırılmasına imkan yaradır.

O, çıxışının sonunda layihənin ərsəyə gəlməsində rolu olan təşkilatçılara, eyni zamanda rəssamlara təşəkkürünü bildirib, sərginin işinə uğurlar arzulayıb.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Azərbaycan-Rumıniya arasında qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu vurğulayıb. Bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin də getdikcə genişləndiyini bildirən səfir bu əlaqələrin inkişafına “Mədəniyyət körpüsü” layihəsinin də töhfə verəcəyinə əminliyini ifadə edib. O, qədim tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə birgə bu layihəni gerçəkləşdirməkdən məmnunluğunu ifadə edib.

“Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov bildirib ki, bu layihə gəmiçiliyin genişmiqyaslı təbliği ilə bağlı görülən işlərin davamıdır: “Böyük qürur hissi duyuruq ki, layihə çərçivəsində dünyanın müxtəlif ölkələrini təmsil edən tanınmış rəssamlar Xəzərin qoynunda yerləşən Bakımızın qonağı oldular və burada gəmiçilik mövzusunda bir-birindən gözəl əsərlər yaratdılar. Onlar həmin əsərləri muzeyə hədiyyə verməklə isə ekspozisiya fondumuza böyük töhfə vermiş oldular.”

Daha sonra Rumıniyanın Azərbaycandakı Səfirliyinin baş administratoru Nikoletta Zagura və ukraynalı rəssam Katerina Rudakova çıxış edərək layihənin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Çıxışlardan sonra Rumıniyanın Azərbaycandakı Səfirliyinin adından ASCO-ya və tədbirin təşkilində yaxından iştirak edənlərə hədiyyələr təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycan Milli Xalça Muzeyi tərəfindən ASCO-ya hədiyyə olunan xalçanın sonuncu ipkəsmə mərasimi də baş tutub.

Sonra tədbir iştirakçıları müxtəlif rəsm texnikalarından istifadə olunaraq hazırlanmış əsərlərlə yaxından tanış olublar.

Qeyd edək ki, sərgidə Rumıniya, Türkiyə, Gürcüstan, ABŞ, Hindistan, Ukrayna, Moldova, Meksika və Çexiyadan olan rəssamların ümumilikdə 13 əsəri nümayiş olunur. Əsərlər muzeyin daimi ekspozisiyana daxil edilib və muzeyin ziyarətçiləri onlarla tanış ola biləcəklər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır