• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Dünyanın ilk elektrik sərnişin bərəsinin dəniz sınaqları uğurla başa çatıb

Çin Gəmiqayırma Korporasiyası hərəkət zamanı superkondensatorlardan istifadə edən dünyanın ilk elektrik sərnişin bərəsinin dəniz sınaqlarının uğurla başa çatdığını elan edib.

“Seanews.az”-ın məlumatına görə, “Xin Ecology” adlandırılan yeni elektrik bərəsinin uzunluğu 64 metrdir (213 fut). 625 kVt/saat gücündə olan iki superkondensator batareya 2720 at gücündə elektrik mühərriklərinin işləməsini təmin edir, bunun sayəsində gəmi 12 düyün sürətlə hərəkət edə bilir.

Bərənin hərəkət sistemi yaradılarkən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi və səmərəli istifadəsi sahəsində ən müasir texnologiyalardan istifadə olunub. Mütəxəssislərin fikrincə, superkondensatorlardan istifadə elektrik enerjisi ehtiyatlarının doldurulması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq, onun daha qənaətli istehlakına və minimum enerjidən istifadə etməklə maksimum sürətlərin əldə edilməsinə kömək edəcəkdir. Bundan əlavə, elektrik mühərriklərinin istifadəsi səs-küy və yırğalanma səviyyəsini  xeyli azaldır ki, bu da sərnişinlər üçün daha rahat şərait yaradır.

Ekspertlərin fikrincə, “Xin Ecology” gəmisinin enerji təchizatı sistemi ən azı 200 000 dəfə doldurma üçün nəzərdə tutulub və elektrik enerjisindən istifadə ildə təxminən 500 ton ənənəvi yanacağa qənaət etməyə imkan verəcək.

Gəminin layihələndirilməsi zamanı nəqliyyat vasitələrinin yerləşdirilməsi üçün nəzərdə tutulmuş yük göyərtəsinin optimal hündürlüyünün və əlavə möhkəmliyinin təmin edilməsinə xüsusi diqqət yetirilmişdir. İlkin məlumata görə, yeni gəmi ilə minik avtomobilləri ilə yanaşı, iri həcmli yük maşınları, eləcə də səyahət zamanı sərnişinləri xüsusi istirahət zonasına aparacaq turist avtobuslarını da daşımaq mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır