

Manila konteyner terminalı yeni liman avadanlığı ilə təchiz olunub
"International Container Terminal Services" (ICTSI) özünün əsas müəssisəsi olan Manila Beynəlxalq Konteyner Terminalına (MICT) səkkiz yeni hibrid RTG (rubber-tired gantry) kranı əlavə edib.
"Seanews.az" xəbər verir ki, yeni kranlar terminalın yük emal gücünü artırır, əməliyyatların səmərəliliyini yüksəldir və dayanıqlılıq hədəflərinin həyata keçirilməsinə xidmət edir.
"Mitsui Engineering and Shipbuilding" tərəfindən istehsal olunan RTG kranları ICTSI-nin uzunmüddətli ekoloji məqsədlərini dəstəkləyir. Bu hədəflərə 2030-cu ilədək hər konteynerin daşınması zamanı 1-ci və 2-ci mərhələ emissiyalarının 26 faiz azaldılması, həmçinin 2050-ci ilədək xalis sıfır emissiyaya nail olunması daxildir.
Avadanlıqların yenilənməsi ilə yanaşı, şirkət aşağı emissiyalı texnologiyalara, bərpa olunan enerji mənbələrinə, daha səmərəli tullantı idarəçiliyinə və rəqəmsal həllərə də sərmayə yatırır. Bu həm səmərəliliyin artırılmasına, həm də ətraf mühitə təsirin minimuma endirilməsinə imkan yaradır.
Yeni kranların istifadəyə verilməsi ilə MICT-in istismarında olan avadanlıqların sayı 18 körpü kranı və 60 RTG-yə çatıb ki, bu da ölkə üzrə ən böyük konteyneremal parkıdır.