

Dünyanın ilk amonyakla işləyən gəmi mühərriki təqdim olunub
"Japan Engine Corporation" (J-ENG) dünyanın ilk kommersiya məqsədli amonyakla işləyən aşağı sürətli gəmi mühərrikini təqdim edib.
"Seanews.az" xəbər verir ki, "7UEC50LSJA-HPSCR" adı verilən mühərrik həm amonyak, həm də ağır yanacaqla işləyə bilən ikili yanacaq (dual-fuel) sistemi ilə seçilir. 50 santimetr diametrli silindrlərə, yeddi silindrli konstruksiyaya malik olan mühərrik azot oksidi (NOx) emissiyalarını minimuma endirir.
Yeni mühərrik "NYK Line", "Nihon Shipyard", "Japan Marine United Corporation" və "ClassNK" kimi sənaye nəhənglərinin nəzarəti altında geniş sınaqlardan keçirilib. "ClassNK" mühərrikin ekoloji göstəriciləri və əməliyyat etibarlılığını təsdiqləyərək rəsmi sertifikat təqdim edib.
Yeni mühərrikin 2025-ci ilin oktyabrında göndərilməsi və "JMU Ariake" Tərsanəsində inşası davam edən amonyakla idarə olunan orta həcmli qaz daşıyıcı gəmisinə (AFMGC) quraşdırılması nəzərdə tutulur. Gəminin 2026-cı ildə kommersiya fəaliyyətinə başlaması planlaşdırılır ki, bu da dünya gəmiçiliyində ilk olacaq.
"J-ENG" daha böyük gəmilər üçün 60 santimetr diametrli yeni amonyak mühərriki üzərində də işləyir. Bu modelin 2028-ci ildə istismara verilməsi gözlənilir.
Şirkətin açıqlamasına görə, yeni mühərriklərin geniş miqyasda tətbiqi Yaponiyanın gəmiqayırma sənayesini gücləndirəcək və ölkənin 2050-ci ilə qədər karbon neytrallığı hədəfinə mühüm töhfə verəcək.