

Bill Qeyts və “HD Hyundai” nüvə təchizat zəncirində əməkdaşlığı müzakirə edib
Cənubi Koreyanın aparıcı gəmiqayırma şirkəti “HD Hyundai”-nin vitse-sədri Çunq Kisun Seulda “TerraPower” şirkətinin təsisçisi və sədri Bill Qeyts ilə görüş keçirib.
“Seanews.az” xəbər verir ki, görüşdə kiçik modullu reaktorlar (SMR) üzrə əməkdaşlıq və qlobal təchizat zəncirinin genişləndirilməsi müzakirə olunub.
Rəsmi açıqlamaya görə, tərəflər ilk natrium reaktoru üçün reaktor gövdələrinin "HD Hyundai" tərəfindən istehsalı barədə razılığa gəliblər.
Bu görüş tərəflərin mart ayında ABŞ-də baş tutan ilkin müzakirələrinin davamı olaraq həyata keçirilib. Həmin vaxt imzalanmış Anlaşma Memorandumu çərçivəsində tərəflər “TerraPower”-in dördüncü nəsi enerji saxlama sistemi ilə təchiz olunmuş natrium reaktorlarının kommersiyalaşdırılması üçün qlobal istehsal zəncirini genişləndirməyi planlaşdırmışdılar.
Çunq Kisun görüşlə bağlı açıqlamasında qeyd edib: “Növbəti nəsil SMR texnologiyası davamlı enerji gələcəyinin əsas həllərindən biridir. “TerraPower” ilə əməkdaşlıq qlobal nüvə təchizat zəncirinin formalaşmasında və enerji paradiqmasının dəyişməsində dönüş nöqtəsi olacaq.”
Bununla yanaşı, “HD Hyundai” nüvə enerjisi ilə işləyən gəmilərin inkişafı istiqamətində də səylərini artırır. Şirkət hazırda “TerraPower” ilə birlikdə gəmiqayırma sahəsində tətbiq edilə biləcək ərimiş duz reaktoru (MSR) texnologiyaları üzərində işləyir.