

“Stax” və tərəfdaşları Böyük Britaniya limanlarında emissiyasız dayanma layihəsinə start verir
Kaliforniyanın karbon tutma texnologiyaları provayderi “Stax” Böyük Britaniyada yaradılmış “PortZero” konsorsiumuna qoşulub. Layihə gəmilərin limanda dayanması zamanı emissiyaları minimuma endirmək məqsədi daşıyır.
“Seanews.az” xəbər verir ki, bu konsorsiuma Böyük Britaniyada qeydiyyatdan keçmiş üç şirkət – “Seabound”, liman operatoru “Associated British Ports” (ABP) və gəmiçilik şirkəti “Lomar Shipping” daxildir.
Konsorsium Böyük Britaniya Nəqliyyat Nazirliyinin “Clean Maritime Demonstration Competition” proqramının altıncı mərhələsi çərçivəsində 1,5 milyon ABŞ dolları məbləğində maliyyə dəstəyi əldə edib.
Layihə çərçivəsində “Seabound”-un CCS (karbon tutma) texnologiyası ilə “Stax”-ın barja əsaslı saxlama sistemi birləşdirilərək limanlarda emissiyaları 90–99% arasında azaltmaq hədəflənir.
Sistem ilk olaraq ABP-nin “Sauthempton” limanında quraşdırılacaq və Böyük Britaniya şirkəti “Lomar Shipping”-ə məxsus gəmilərdə sınaqdan keçiriləcək.
Layihənin tərəfləri hesab edir ki, “PortZero” sistemi Avropada ilk dəfə tətbiq olunmaqla yanaşı, gələcəkdə digər beynəlxalq limanlarda da quraşdırıla bilər.