

Dünyada ilk: Yaponiyanın gəmiçilik şirkəti kosmosa "yelkən" açır
Yaponiyanın aparıcı gəmiçilik şirkəti “NYK” kosmik sektoruna daxil olmaq istiqamətində mühüm addım atıb. Şirkətin dənizdə təkrar istifadə olunan raket bərpa sistemi üçün hazırladığı konseptual layihə “ClassNK” tərəfindən prinsipial təsdiq (Approval in Principle – AiP) alıb.
“Seanews.az” xəbər verir ki, layihəyə əsasən, “NYK” iki gəmilik raket buraxılış və bərpa sistemi quracaq. Bu sistem raketin yenidən istifadə oluna bilən birinci mərhələ hissəsinin dənizdə geri qaytarılmasını təmin edəcək.
Bərpa gəmisi Dinamik Mövqesaxlama Sistemi (DPS) ilə təchiz olunacaq və raketin birinci mərhələsi yerə qayıdarkən onun eniş platforması rolunu oynayacaq. Raket bərpa əməliyyatı zamanı gəmi pilotsuz idarə olunacaq. Əməliyyat və komanda gəmisi isə raketin dənizdə enişindən sonra bərpa prosesini koordinasiya edərək onu limana gətirəcək.
“NYK” bildirib ki, layihə hələ konseptual mərhələdədir və 2028-ci maliyyə ilində (1 aprel 2028 – 31 mart 2029) nümayiş sınağı keçirilməsi planlaşdırılır.
Üzən raket bərpa sistemi Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) Kosmik Strategiya Fondu vasitəsilə, həmçinin “Mitsubishi Heavy Industries” də daxil olmaqla tərəfdaş şirkətlərin iştirakı ilə hazırlanır.
Bu, “ClassNK”-nin gəmi ilə əlaqəli kosmik layihəyə verdiyi ilk prinsipial təsdiqdir.