Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-11,
Seanews
Heyder Eliyev

Gəmi sahiblərinə xəbərdarlıq: GPS saxtalaşdırılması nəticəsində baş verən saya oturma hadisələrini sığorta qarşılamaya bilər

“Association of Average Adjusters” (AAA) dənizçilik sektoruna xəbərdarlıq edərək, GPS saxtalaşdırılması (spoofing) ilə əlaqəli gəmi saya oturmaları üzrə sığorta iddialarında artan hüquqi qeyri-müəyyənliyə diqqət çəkib. Xəbərdarlıqda qeyd olunub ki, son illərdə gövdə və mexanizm (Hull & Machinery – H&M) sığorta müqavilələrində tez-tez rast gəlinən kiber istisna bəndləri, xüsusilə “LMA5403” maddəsi  GPS saxtalaşdırılması nəticəsində baş verən qəzalarda gəmi sahiblərini sığorta müdafiəsindən məhrum edə bilər.

“Seanews.az” xəbər verir ki,  bu barədə AAA-nın sədri Kris Kilbi bildirib. O qeyd edib ki,  GPS saxtalaşdırılması gəminin naviqasiya sistemlərini yanlış siqnallarla aldadaraq, saxta mövqe məlumatları göstərməsi halıdır ki, bu da gəminin oturmasına səbəb ola bilər. Ənənəvi “H&M” sığortasında belə bir hadisə normalda təminat altına düşür, lakin kiber istisna bəndlərinin artması vəziyyəti mürəkkəbləşdirib.

Kilbi əlavə edib: “Saxtalaşdırmanın zərər vurmaq niyyəti ilə edildiyini sübut etmək çətinliyi, sığortaçılar üçün həmin niyyəti isbatlamaq məsələsini daha mürəkkəb edir. Bu isə səbəb-nəticə əlaqəsi, heyət davranışı və kiber hadisənin mənşəyi kimi amillərin kəsişdiyi böyük bir ‘boz zona’ yaradır.”

AAA-nın sənədində qeyd olunur ki, sığortaçı saxtalaşdırmanın qəsdən edildiyini sübut edə bilməsə, təminatdan imtina etmək çətinləşir. Əksinə, niyyət təsdiqlənərsə, gəmi sahibləri iddianın rədd olunması kimi xoşagəlməz sürprizlə üzləşə bilərlər.

Çıxış yolu kimi bəzi gəmi sahibləri əlavə ödəniş qarşılığında təminatı bərpa edən “cyber buy-back” bəndlərini müqavilələrinə daxil etməyə başlayıblar. AAA gəmi sahiblərinə və brokerlərə, xüsusilə GPS saxtalaşdırılmasının tez-tez baş verdiyi yüksək riskli bölgələrdə işləyənlərə, sığorta müqavilələrinin şərtlərini diqqətlə nəzərdən keçirməyi tövsiyə edir.

GPS saxtalaşdırılması halları 2020-ci illərdən etibarən sürətlə artıb. Əvvəllər kiçik bir kiber problem kimi qəbul edilən bu hadisə indi real naviqasiya təhlükəsinə çevrilib. Qırmızı dəniz, Qara dəniz, Fars körfəzi və Cənubi Çin dənizi bu baxımdan “qaynar nöqtələr” sayılır.

Məsələn, 2024-cü ilin iyulunda “Marlink” şirkətinin yardım mərkəzinə GPS-in işləmədiyi barədə ortalama hər iki həftədə bir müraciət edilirdisə, 2025-ci ilin iyul ayının ortalarına qədər cəmi bir gündə 150-dən çox gəmidən ayrı-ayrı şikayətlər daxil olub.

İyunun əvvəlində Hörmüz boğazının cənubunda baş verən iki tanker toqquşması, həmçinin may ayında “MSC Antonia” konteyner gəmisinin Ciddə sahillərində GPS saxtalaşdırılması səbəbindən saya oturması bu problemin təhlükəli miqyas aldığını göstərir. “MSC Antonia”-nın izləmə sistemlərində isə gəmi guya başqa bir qitədə, səhranın ortasında saya oturmuş kimi görünürdü.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır