

Tschudi Group gəmi naviqasiyasının etibarlılığını artırmaq məqsədilə yeni texnologiyaya investisiya edib
Qlobal gəmiçilik sahəsində GPS və GNSS siqnallarının pozulması hallarının artması fonunda Norveçin Tschudi Shipping Company şirkəti naviqasiya sistemlərinin etibarlılığını artırmaq məqsədilə yeni texnologiyanın tətbiqinə başlayıb.
Şirkət bu məqsədlə ABŞ-ın Assured Positioning Navigation and Timing (APNT) texnologiyaları üzrə ixtisaslaşmış NAL Research və Norveçin SGM Technology AS şirkətləri ilə əməkdaşlığa dair razılıq əldə edib. Əməkdaşlıq çərçivəsində GPS siqnallarının zəif və pozulmuş olduğu zonalarda istismar olunan gəmilər üçün dayanıqlı izləmə və naviqasiya həlləri hazırlanıb.
Layihə Iridium şirkətinin aşağı Yer orbitindən fəaliyyət göstərən peyk rabitə şəbəkəsinə əsaslanır. Bu şəbəkə vasitəsilə siqnal pozuntuları, saxtalaşdırma və digər müdaxilə hallarında belə qlobal əhatəli naviqasiya və aktivlərin izlənməsi mümkün olur. Hazırda yeni texnologiyanın bir sıra gəmi operatorları ilə birgə ilkin sınaqları həyata keçirilir.
Tschudi Group şirkətinin İdarə Heyətinin sədri Felix Tschudi bildirib ki, son illərdə dəniz naviqasiyasına qarşı texnoloji müdaxilələr artıb və bu cür hallar gəmi təhlükəsizliyinə, ekipaj üzvlərinin rifahına və beynəlxalq ticarət marşrutlarının sabitliyinə ciddi təsir göstərir. O qeyd edib ki, bu kimi risklərin azaldılması üçün sənaye iştirakçıları birgə fəaliyyət göstərməlidir.
SGM Technology şirkətinin baş direktoru Steffen Grefsgård qeyd edib ki, GPS siqnallarının pozulması və saxtalaşdırılması artıq nəzəri deyil, real təhlükəyə çevrilib. Onun sözlərinə görə, naviqasiya sistemlərinin etibarlı fəaliyyəti yükdaşımaların təhlükəsizliyi ilə yanaşı, dənizçilərin həyatının qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
NAL Research şirkətinin prezidenti Robert Bills bildirib ki, gəmiçilikdə GPS zəifliklərinə qarşı mübarizə artıq əlavə tədbir deyil, əməliyyatların uğurla icrası və aktivlərin təhlükəsizliyi üçün zəruri şərtdir.
Iridium şirkətinin PNT (Positioning, Navigation and Timing) üzrə vitse-prezidenti Rohit Braggs qeyd edib ki, bu texnologiya artıq istismara hazır vəziyyətdədir və yüksək dəyərli aktivlərin dəqiq yerini müəyyən etməyə imkan verir. O vurğulayıb ki, sistem həmçinin dənizçilərin təhlükəsizliyinin təmin edilməsinə dəstək göstərir.