

Çində ilk tam elektrikli sərnişin gəmisi istismara verilib
Çinin CATL şirkəti tərəfindən hazırlanmış batareya sistemi ilə təchiz olunan, ölkənin ilk tam elektriklə işləyən turizm sərnişin gəmisi “Yujian 77” istismara verilib. Gəmi Xiamen körfəzində fəaliyyət göstərir.
“Yujian 77” sıfır emissiya, aşağı səs-küy səviyyəsi və yüksək enerji səmərəliliyi ilə sahilyanı turizm daşımaları üçün nəzərdə tutulub. Gəmi 3.918 kWh tutumunda batareya ilə təchiz olunub və 100 km məsafəni qət edə bilir. Onun texniki imkanları gündə 4 gecə kruizini yalnız batareya ilə həyata keçirməyə imkan verir.
Təhlükəsizlik məqsədilə NP texnologiyası, IP68 səviyyəli suya və toza qarşı qoruma, həmçinin duzlu duman testi keçmiş batareya sistemi tətbiq edilib.
İstismar nəticəsində il ərzində 250 ton yanacağa qənaət və 400 ton karbon emissiyasının azalması proqnozlaşdırılır. Gəmi həm Çin, həm də beynəlxalq təsnifat qurumlarının müvafiq sertifikatlarını alıb.
İstehsalçı şirkət CATL yaxın gələcəkdə daha güclü və davamlı dəniz batareya sistemləri üzərində çalışaraq sıfır karbonlu dəniz nəqliyyatına keçid prosesini sürətləndirməyi planlaşdırır.