

Baltik Gəmiqayırma Zavodu 5,1 milyon avroluq iddia qaldırıb
"Baltiysky Zavod" ASC Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsində Finlandiyanın “Wartsila Corporation” şirkətinə qarşı iddia qaldırıb. İddianın məbləği 5,1 milyon avro təşkil edir. İddiaya səbəb müvafiq olaraq 2024 və 2026-cı illərdə istismara verilməsi nəzərdə tutulan 22220 layihəli “Yakutiya” və “Çukotka” buzqıran gəmilərinə avadanlığın verilməsindən imtina edilməsidir. Gəmiqayırma zavodunun məlumatına görə, söhbət dizel mühərrikləri, digər avadanlıqlardan gedir.
“Seanews.az” xəbər verir ki, hazırda Baltik Gəmiqayırma Zavodunda 22220 layihəli üç nüvə mühərrikli gəminin tikintisi davam edir. Bunlar “Ural”, “Yakutiya” və “Çukotka” buzqıran gəmiləridir. Zavodun mətbuat xidməti alternativ avadanlıq tədarükçüləri axtardıqlarını bildirib.
Baltik Gəmiqayırma Zavodu 1-ci dərəcəli yerüstü gəmilərin, nüvə və dizel-elektrik stansiyaları olan buzqıran gəmilərin, nüvə üzən enerji bloklarının tikintisi üzrə ixtisaslaşıb. 1856-cı ildə yaradılan zavodda 600-ə yaxın gəmi inşa edilmişdir.
“Wartsila” Rusiyadakı bir çox gəmiqayırma zavodları avadanlıqla təmin edib.
Wartsila Corporation (qərargahı Helsinki, Finlandiya) gəmiçilik, neft, elektrik və digər sənayelər üçün mühərriklərin və digər sistemlərin layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmışdır. 2020-ci ildə Wartsila-nın ümumi gəliri 4,6 milyard avro təşkil edib. 18 minə yaxın işçisi olan şirkət dünyanın 70-dən çox ölkəsində 200 nümayəndəliyi vasitəsilə fəaliyyət göstərir. Wartsila səhmləri Nasdaq Helsinki birjasında siyahıya alınmışdır.