

Romada Aralıq dənizi ölkələri nazirlərinin qida böhranı üzrə ilk dialoq toplantısı keçirilir
İyunun 8-də Romada Aralıq dənizi ölkələri nazirlərinin qida böhranı üzrə ilk dialoq toplantısı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, toplantıya İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio sədrlik, G7-nin sədri kimi Almaniya və G20-nin üzvü kimi Türkiyə, eləcə də Livan həmsədrlik edir.
Görüşün məqsədi Rusiya-Ukrayna gərginliyinin Aralıq dənizi hövzəsində ərzaq təhlükəsizliyinə təsirini aradan qaldırmaq üçün konkret tədbirləri müəyyən etməkdir.
Toplantıda mərkəzi qərargahı Romada yerləşən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu, 24 ölkənin müvafiq nazirləri və 7 maraqlı beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
İtaliya tərəfindən təklif olunan və G7-nin maarifləndirici tədbirləri sırasına daxil edilən bu görüş G7-nin növbəti zirvə toplantısında ərzaq təhlükəsizliyi mövzusunda müzakirələrin əsasını qoymaq məqsədi daşıyır.