Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

İstiləşmə, oksidləşmə və oksigen itkisi dəniz sakinlərini məhv edir

Tarixən canlı varlıqların nəslinin kəsilməsi üç amil səbəbindən baş verib: istiləşmə, oksidləşmə və oksigen itkisi. Bu proseslərin hamısı hazırda dünya okeanında müşahidə olunur. İqlim dəyişmələrinin nəticələrindən xeyli danışılmasına baxmayaraq, okeanlar və kriosfer barədə yeni məruzə qorxunc xəbərdarlıq kimi səslənir. Qeyd edək ki, məruzə üzərində 36 ölkədən 100-dən çox alim işləyib.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (İDHEQ) okeanlar və kriosfer barədə Xüsusi məruzəsinin müəllifləri dünya liderlərini təxirəsalınmaz addımlar atmağa çağırıblar. Məruzədə deyilir ki, milyonlarla insanın həyatı təhlükədədir. Yüksək dağlıq rayonlarda yaşayan 670 milyon əhalinin və sahilyanı ovalıq zonalarda yaşayan 680 milyon əhalinin rifahı birbaşa okeanların və planetimizin donmuş hissəsinin - kriosferin sağlamlığından asılıdır. Dörd milyon əhali daimi əsasda Arktika zonasında, 65 milyon əhali inkişaf etməkdə olan kiçik ada dövlətlərində yaşayır.

Parnik qazları tullantıları bugünkü səviyyədə saxlanılsa, planetin sürətlə istiləşməsi davam edəcək, buzlaqların, qarların və əbədi donuşluğun ölçüləri kiçiləcək. Sürüşmələr, qar və daş uçqunları, daşqınlar getdikcə daha tez-tez təkrarlanacaq, dağlıq rayonların həyatı daim yaşamaq uğrunda mübarizəyə çevriləcək.

Sahilyanı zonalarda yaşayanları ciddi sınaqlar gözləyir. Ötən yüz ildə dənizin səviyyəsi 15 santimetr artıb, bu gün bu proses iki dəfə sürətlə davam edir, dəniz səviyyəsi hər il 3,6 millimetr artır. Sonralar sürət daha da artacaq: qütb və yüksək dağlıq regionlarda buzlaqların əriməsi buna şərait yaradacaq.

Alimlər xəbərdarlıq edirlər ki, dəniz səviyyəsinin yüksəlməsi tez-tez daşqınlara və dağıdıcı fırtınalara gətirib çıxaracaq. Yüz ildə bir dəfə baş verən çox güclü təbii fəlakətlər gələcəkdə hər il müşahidə olunacaq.

İDHEQ-in işçi qrupunun həmsədri Valeri Masson-Delmot deyib: “Qrenlandiya və Antarktikadakı buz sipərlərindən su axınının artması, üstəlik, buzlaqlardan qar suyunun daxil olması və daha isti dəniz sularının həcminin çoxalması səbəbindən dəniz səviyyəsinin artması sürəti son onilliklər ərzində güclənib”.

Məruzə müəllifləri bildirirlər ki, okeanlarda və kriosferdə iqlim dəyişmələri ilə bağlı səbəblərə görə bəzi ada dövlətləri, çox güman, tamamilə boşalacaq.

İstiləşmə, oksidləşmə və oksigen itkisi dəniz ekosistemləri üçün əsas təhlükədir. İstiləşmə zamanı su təbəqələri pis qarışır. Bu isə oksigenin və bəsləyici maddələrin daxil olmasının qarşısını alır. Proqnozlara görə, qlobal istiləşmə 2 °C səviyyəsində qalsa, əsrin sonuna qədər okean son əlli ildəkindən 2-4 dəfə çox, ən xoşagəlməz halda 5-7 dəfə çox istilik udacaq.

Okean 1980-ci ildən insan fəaliyyətinin səbəb olduğu CO2 emissiyalarının təqribən üçdəiki hissəsini udub. Bu, okeanların oksidləşməsinə gətirib çıxarıb. İnsan təbiətə ziyan vurmağı dayandırmasa, vəziyyət sürətlə pisləşəcək.

Balıqçılıqdan asılı olan sahilyanı zolağın sakinləri dəniz ekosistemlərinin dəyişməsi nəticəsində resursların tükənməsi və ərzaq təminatı sahəsində problemlərlə üzləşə bilərlər.

Dəyişikliklər artıq indinin özündə sahilyanı zonalarda, açıq okeanda və dənizin dibində dəniz sakinlərinin populyasiyasına təsir göstərir. Bu, insan üçün yeni itkilər deməkdir: məsələn, balıqçılıqdan asılı olan sahilyanı zolağın sakinləri resursların tükənməsi və ərzaq təminatı sahəsində problemlərlə üzləşəcəklər.

Məruzə müəllifləri belə qənaətə gəliblər ki, parnik qazları tullantılarının xeyli azalması, ekosistemlərin müdafiəsi və bərpası, habelə təbiət resurslarının düzgün idarə edilməsi okeanları və kriosferi qoruyub saxlamağa və vəziyyətin daha da gərginləşməsinin qarşısını ala bilər.

Məruzə üzərində işləyən alimlər qrupunun rəhbərlərindən biri – Debra Roberts vurğulayıb: “Yalnız cəmiyyət həyatının bütün sahələrində, o cümlədən energetikada, torpaqdan istifadədə, ekosistemlərdə, şəhər təsərrüfatında və infrastrukturunda, habelə sənayedə görünməmiş keçid tədbirləri həyata keçirməklə, qlobal istiləşməni sənayeləşmədən əvvəlki göstəricilərlə müqayisədə 2 °C-dən xeyli aşağı səviyyədə saxlamaq mümkündür. Onun sözlərinə görə, Paris İqlim Sazişində nəzərdə tutulan tədbirlər okeanları və kriosferi, nəhayət, Yer kürəsində həyatı qoruyub saxlamağa imkan verəcək.

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun okeanlar və kriosfer barədə Xüsusi məruzəsi dəyişən iqlim şəraitində əsas elmi sənəddir. BMT ümid edir ki, dünya liderləri düzgün qərar qəbul edəcəklər. Siyasətçilərin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının dekabrda Çilidə keçiriləcək konfransında yeni məlumatları müzakirə etmək imkanı olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır