Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

Qazaxıstanın Nəqliyyat Nazirliyi 2030-cu ilədək dəniz infrastrukturunun inkişafı üçün kompleks plan hazırlayır

“2024-cü ildə Kurık limanı dərinləşdiriləcək, 2025-ci ildə isə Aktauda analoji işlərin görülməsi planlaşdırılır.”

“Seanews.az”  Qazaxıstanın Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu nazir Marat Karabayev Qazaxıstanın Nəqliyyat Nazirliyinin geniş iclasında bildirib.

“Lianyungang Port” şirkəti ilə birlikdə Aktau dəniz limanında konteyner aşırmalarının həcmini 300 min TEU-ya çatdıracaq konteyner qovşağının tikintisinə başlanacaq. Aşırma gücün artırılması çərçivəsində Aktau limanının yanalma infrastrukturunun modernləşdirilməsi və Kurıkda 3 yeni terminalın tikintisi planlaşdırılır.

Aktau və Kurık terminallarının inkişafına 600 milyon dollardan çox sərmayə qoyulacaq.

Aktau və Kurık terminallarının inkişafı üçün ümumi investisiya təxminən 618 milyon dollar təşkil edəcək. Bu tədbirlər 2030-cu ilə qədər dəniz infrastrukturunun inkişafı üzrə hazırlanmış Kompleks Planda nəzərə alınacaq.

“Ticarət donanmasının inkişafı çərçivəsində bu il biz Xəzər sahilində öz gəmiqayırma zavodumuzun tikintisi imkanlarını öyrənirik. Ümumilikdə 10 yeni gəminin, o cümlədən 3 tankerin, 3 quru yük gəmisinin və 4 universal bərənin tikintisinə ehtiyac var”, - deyə Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.

Çay nəqliyyatının potensialından tam istifadə etmək üçün nazirlik transsərhəd İrtış çayından istifadə etməklə Rusiya Federasiyası - Qazaxıstan - Çin Xalq Respublikası arasında multimodal tranzit dəhlizinin yaradılmasını təklif edir. Bu, qonşu dövlətləri yeni nəqliyyat əlaqələri ilə birləşdirməyə imkan verəcək. Dərinləşdirmə işləri ilə bağlı problemi həll etmək üçün tədqiqat institutları ilə məsləhətləşmələr aparılır. Bununla yanaşı, Tuqıl kəndi ərazisində çay limanının tikintisi və Tuqıl-Mayqapçağay hissəsində uzunluğu 99 km olan Çinlə sərhədə qədər dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur. Perspektivli marşrut üzrə gözlənilən daşıma həcmi 2-2,5 milyon ton təşkil edir. Layihə həm də Ob-İrtış hövzəsi vasitəsilə Rusiya Federasiyasının şimal dənizlərinə çıxış imkanını nəzərdə tutur.

Digər perspektivli layihə Ural-Xəzər kanalı ilə ixrac daşımalarının bərpasıdır.

“Bu il biz kanalın dəniz hissəsində dibdərinləşdirmə işlərinə başlamağı, daha sonra onun naviqasiya parametrlərini saxlamaq üçün dənizdə dibdərinləşdirmə işləri görən gəmi almağı planlaşdırırıq. Yaxın iki ildə biz Ural-Xəzər kanalının gəmiçilik parametrlərini bərpa etməyi nəzərdə tuturuq. Daşıma həcmi 1 milyon ton olacaq, həmçinin Atırau ilə Həştərxan şəhəri arasında ikitərəfli çay daşımalarını bərpa etmək potensialı var”, - deyə Marat Karabayev qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır