• Bakı, 2019-12-05,
Seanews
Heyder Eliyev

“Şahdəniz”dən indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb

Bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından kondensat hasilatı 27 milyon tona çatıb.

AZƏRTAC xəbər verir ki, “Şahdəniz”dən ilk hasilat başlandığı dövrdən bu vaxtadək yataqdan 112 milyard kubmetrdən çox təbii qaz əldə olunub.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə ümumilikdə 12,2 milyard standart kubmetr qaz və təqribən 2,6 milyon ton (21 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. Ötən il iyulun sonunda “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artmaqda davam edir.

Doqquz ayda “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib. Cari ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 481 milyon dollar əməliyyat və 818 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır