Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın koordinatorlarının illik iclası keçir

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ının koordinatorlarının illik iclası başlayıb.  Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib. Məlumata görə, iclasın açılış mərasimində “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln 50-dən çox ölkəni əhatə edən layihənin əsas məqsədinin konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması olduğunu bildirib. DGK sədrinin birinci müavini Səfər Mehdiyev isə bildirib ki, Azərbaycan tarixi İpək Yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyi üçün beynəlxalq ticarətdə müstəsna rol oynayır. Konteynerlərin yükdaşımada əhəmiyyətli rolu olduğunu deyən S.Mehdiyev bölgə ölkələri vasitəsilə yüzminlərlə konteynerlərin hərəkətini nəzərə almaqla, yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edən gömrük əməkdaşlarının bu sahədəki bacarıqlarının artırılması məqsədilə Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin yaradıldığını bildirib. Son illər Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə sahəsində əldə olunan nailiyyətlərdən də danışan DGK rəsmisi gömrük xidməti tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qrupların yaradıldığını, peşəkar kadrların cəlb edilməsi, müasir texnika və avadanlıqların tətbiqi hesabına uğurlu nəticələrin əldə olunduğunu deyib. ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev təmsil etdiyi ofisin fəaliyyəti barədə məlumat verib və tədbirin beynəlxalq ticarətin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib. İclasda “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın regional ofislərinin 10-dan çox nümayəndəsi iştirak edir. İclas çərçivəsində regional ofislərin koordinatorlarının təqdimatları nümayiş olunacaq, kommunikasiya, sosial media, müsadirədən sonrakı proseslər, statistik məlumatların mübadiləsi, vahid terminologiyadan istifadə, texniki avadanlıqlarla təchizat və digər məsələlər barədə müzakirələr aparılacaq, ÜGT-nin və BMT-nin ekspertləri məruzələrlə çıxış edəcəklər. İclas martın 1-də başa çatacaq. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır