• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Süveyş kanalını bağlayan “Ever Given” gəmisi təmir üçün Çinə gəlib

Bu ilin martında qlobal dəniz ticarətini bir həftə ərzində iflic etmiş və 100 gün Misirdə həbs altında saxlanmış “Ever Given” yük gəmisi təmir üçün Çinə gəlib.

AZƏRTAC xəbər verir ki, gəmi zədələnmiş burun hissəsinin təmiri üçün Çindao şəhərindəki tərsanədə bir aya yaxın müddətə təmir olunacaq.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti isə 224 min ton olan “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olmuşdu. Yaponiya şirkətinə məxsus olan və Tayvan adasındakı “Evergreen Marine” şirkəti tərəfindən istifadə olunan gəmi martın 29-da axşam saatlarında saydan çıxarılmış və kanalın nəqliyyat əlaqəsi bərpa edilmişdi. Bütün bu müddət ərzində 400-dən çox gəmi keçiddə növbəyə düzülmüş, tıxac isə demək olar ki, Hindistana qədər uzanmışdı.

Misir hökuməti “Ever Given” gəmisinin operatoru olan şirkətdən cərimə ödəməsini tələb edərək, gəmini müsadirə etmişdi. Məhkəməsinin qərarı ilə müəyyən edilmiş cərimənin ödənilməsindən sonra gəminin Misiri tərk etməsinə icazə verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır