“Gadus” seriyasından ilk gəmi “Navigare Shipping” şirkətinə 2026-cı ilin yazında təhvil veriləcək
“Navigare Shipping” gəmiçilik şirkəti Niderlandın “Thecla Bodewes Shipyards” Zavoduna dedveyti 5600 olan dörd quru yük gəmisinin tikintisini sifariş verib. Bu günlərdə “Gadus” seriyasından ilk gəminin özülü qoyulub. “Hav Leiti” gəmisinin sifarişçiyə təhvil verilməsi 2026-cı ilin yazına planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, gəminin layihəsi yüksək istismar səmərəliyi, davamlıq və ekoloji təmizlik nəzərə alınmaqla, tərsanənin mühəndisləri tərəfindən sifarişçi ilə birgə işlənib. Minimal yanacaq sərfiyyatlımühərriklər gələcəkdə alternativ yanacaqlardan istifadə üçün hazırlanacaq.
Gəmilər “IMO Tier 3” emissiya standartlarına cavab verəcək. Baltikyanı regionda səfərlər üçün çirkab suların təmizlənməsi sistemi nəzərdə tutulub. Gəmi körpüdə dayanarkən sahil yarımstansiyasından elektrik enerjisi ala biləcək. Geniş yük bölmələrinin konstruksiyası müxtəlif növ quru yüklərin daşınmasına imkan verəcək.
Qeyd edək ki, 1966-cı ildə əsası qoyulan və ilkin olaraq dibdərinləşdirmə üzrə ixtisaslaşan “Navigare Shipping” hazırda 13 gəmidən ibarət donanmaya malikdir və Şimali Avropada daha üç gəmini idarə edir. Farer adalarında qeydiyyatdan keçmiş şirkətin Norveçdə əməliyyat ofisi, Şotlandiyanın Qlazqo və İslandiyanın Reykyavik şəhərlərində logistika nümayəndəliyi var.
“Thecla Bodewes Shipyards” yüksək texnologiyalı gəmilər tikir. Şirkətin indiyədək sifarişçilərə təhvil verdiyi 200-dən çox gəminin 25-i mayeləşdirilmiş təbii qaz (LNG) və hidrogenlə işləyə bilən dizel-elektrik və ya elektrik mühərrikləri olan gəmilər olub.