“Crystal Cruises” üçün tikiləcək növbəti kruiz gəmisinin dəyəri 500 milyon avrodan az olmayacaq
İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu və “Crystal” kruiz operatoru müasir, yüksək texnologiyalı kruiz gəmisinin tikintisi üçün müqavilə imzalayıb.
“Seanews.az”-ın “Fincantieri” qrupunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Crystal Cruises” əlavə iki kruiz gəmisinin tikintisini nəzərdə tutan 2024-cü il 27 iyun tarixli müqavilə çərçivəsində daha bir gəminin tikintisi üçün sifarişini təsdiqləyib.
Müqavilənin dəyəri açıqlanmayıb, lakin onun 500 milyondan 1 milyard avroya qədər ola biləcəyi güman edilir.
2024-cü ilin yayında tərəflər arasında ilk müqavilə imzalananda iki gəmi seriyasından ibarət ilk gəminin 2028-ci ilin yazında istifadəyə veriləcəyi açıqlanmışdı.
Bu layihənin əvvəlki gəmiləri kimi, yeni kruiz gəmisinin də ümumi tutumu 61,8 min ton olacaq və göyərtəsinə təxminən 690 sərnişini qəbul edə biləcək. Mühərrikləri ekoloji cəhətdən təmiz yanacaqla (LNG, hidrogen) işləyəcək.
Qeyd edək ki, “Fincantieri” və “Crystal” şirkətləri 40 ildir əməkdaşlıq edirlər.