

Yunanıstanın ABŞ-dən almağı planlaşdırdığı yeni freqatlar öz zavodlarında inşa ediləcək
Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin ABŞ-dən almağı planlaşdırdığı 7 yeni nəsil “Constellation” tipli freqatın Yunanıstan gəmiqayırma zavodlarında istehsalı üçün ABŞ ilə danışıqlar apardıqlarını bildirib.
Ordu.az xəbər verir ki, Cənubi Kipr müdafiə naziri Vasilis Palmas ilə görüşündən sonra açıqlama verən Dendias yeni nəsil “Constellation” tipli freqatların ortaq istehsalı ilə bağlı Afinanın ABŞ ilə müzakirə apardığını deyib.
Yunanıstanın öz gəmiqayırma zavodlarında istehsal olunacaq 7 “Constellation” tipli freqat tələbini ABŞ-yə bildirdiyini ifadə edən Dendias ABŞ-nin Afinanın təklifini prinsipcə müsbət qarşıladığını bildirən məktubu yanvarın 16-da Yunanıstan Hərbi Dəniz Qüvvələrinə (HDQ) göndərdiyini qeyd edib.
“Razılaşma əldə olunarsa, Yunanıstan Yunanıstan HDQ-nin ehtiyaclarına uyğun olaraq, ən əvvəldən, planlaşdırma mərhələsində bu proqrama qatıla bilər. Bu, həm Yunanıstan HDQ, həm də Yunanıstan gəmiqayırma sənayesi üçün irəliyə doğru böyük bir addım ola bilər”, - deyə o vurğulayıb.