Muxtar Babayev: Xəzər Urmiya gölü və Aral dənizinin taleyini təkrarlamamalıdır
Azərbaycan Xəzər dənizinin dayazlaşması probleminə həsr olunmuş sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib, tədbirin dəqiq tarixi və gündəliyi yaxın zamanda elan ediləcək.
Bu barədə “Report”un Qazaxıstan bürosuna açıqlamasında Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.
O vurğulayıb ki, hazırda belə bir sammitin keçirilməsinə hazırlıq çərçivəsində aktiv iş aparılır: "Biz bütün Xəzəryanı dövlətləri müvafiq məsləhətləşmələr keçirməyə və Xəzər dənizinin dayazlaşması məsələsini müzakirə etməyə dəvət etdik. Hazırda (Xəzəryanı ölkələrin) müvafiq nazirlikləri və qurumları bu tədbirin gündəliyi və keçirilmə müddətinin müəyyənləşdirilməsi üzərində aktiv iş aparırlar".
M.Babayev bildirib ki, bir neçə gün əvvəl Sankt-Peterburqda Nevski ekoloji konqresi keçirilib: “Bu konqresin sessiyalarından biri Xəzər dənizinin dayazlaşması probleminə həsr olunub. Burada çox məzmunlu və ciddi müzakirələr aparılıb. Bu gün Astana Beynəlxalq Forumu çərçivəsində belə müzakirələr davam edir. Biz Qazaxıstanın səlahiyyətli qurumlarının nümayəndələri ilə görüşlər keçiririk, həmçinin beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq edirik. Birlikdə təkcə Xəzəryanı dövlətlərə deyil, bütövlükdə bütün regiona təsir edən bu son dərəcə narahatedici prosesin nəticələrinin yumşaldılması üçün strategiya hazırlayırıq".
O, Xəzərin dayazlaşması probleminin ciddiliyini qəbul etməyə çağırıb, Urmiya gölü və Aral dənizinin quruması kimi ekoloji fəlakətlərin faciəvi nümunələrini xatırladıb.
"İndi oxşar təhlükə Xəzər dənizi ilə bağlı yaşanır. Xəzər, Aral və Urmiya ilə bağlı vəziyyət daxili miqrasiyaya səbəb olur və nəticədə də bütün region üçün ciddi sosial problem yaranır. Buna görə də bu təhdidlərin yumşaldılması üçün birgə tədbirlər üzərində düşünməliyik. Bütün Xəzəryanı ölkələr beynəlxalq təcrübədən istifadə edərək birlikdə hərəkət etməlidirlər. Bu kontekstdə UNEP bizə əhəmiyyətli dəstək göstərir", - M.Babayev əlavə edib.
Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi vurğulayıb ki, Azərbaycan və Qazaxıstan Xəzərin dayazlaşması probleminin həlli üçün sıx əməkdaşlıq edir.