



Yanvar-apreldə Türkiyə limanlarının yük dövriyyəsi 1,4% artaraq 181,9 milyon tona çatıb
2025-ci ilin yanvar-aprel aylarında Türkiyə limanlarının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artaraq 181,9 milyon ton təşkil edib.
“Seanews.az” xəbər verir ki, ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Gəmiçilik Baş İdarəsinin hesabatında belə deyilir.
Eyni zamanda, aprel ayının yekunlarına görə, Türkiyə limanlarında yük dövriyyəsi 3,2% azalaraq 43,65 milyon tona düşüb.
Apreldə Əliağa (7,49 milyon ton), Kocaeli (7,26 milyon ton), İskəndərun (5,54 milyon ton), Ceyhan (3,87 milyon ton), Mersin (3,87 milyon ton), Təkirdağ (3,75 milyon ton) və Əmbərli (2,79 milyon ton) limanlarında daha çox yük aşırılıb. Türkiyənin on ən böyük limanı ümumilikdə 37,1 milyon ton yük aşırıb ki, bu da ümumi yükün 85,1%-ni təşkil edir.
Türkiyə limanlarından daha çox Portland sementi (986,2 min ton), klinker (598,8 min ton), dizel yanacağı (561,6 min ton), prokat (308,7 min ton) ixrac edilib. Türkiyə ixracının əsas istiqamətləri isə İtaliya (1,3 milyon ton), ABŞ (1,1 milyon ton), Misir (780,7 min ton), İspaniya (762 min ton), Yunanıstan (523,7 min ton) olub.
Əsas idxal məhsullarında neft (2,78 milyon ton), antrasit (2,23 milyon ton), metal qırıntıları (1,76 milyon ton), dizel yanacağı (1,21 milyon ton), dəmir filizi və konsentratlar (832,9 min ton) üstünlük təşkil edib.
Türkiyəyə tədarükdə Rusiya (7,58 milyon ton), Misir (1,32 milyon ton), ABŞ (1,28 milyon ton), Braziliya (1,23 milyon ton) və Çin (999 min ton) fərqləniblər.
Türkiyə limanlarında aşırılan konteynerlərin sayı 2025-ci ilin aprel ayında 3% artaraq 1,09 milyon TEU-ya çatıb. 2025-ci ilin ilk dörd ayının nəticələrinə görə, konteynerlərin aşırılmasının həcmi 0,7% azalaraq 4,4 milyon TEU olub.