Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-03-19,
Seanews
Heyder Eliyev

Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır

İlham Əliyevin yürütdüyü diplomatiya beynəlxalq birlik və böyük güclər tərəfindən təqdir edilir.

Bir vaxtlar özünün daxili enerji tələbatını ödəmək gücündə olmayan, yalnız idxal gücünə ayaqda dayanan Azərbaycan indi təkcə mövcud olduğu yox, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır və bu, ölkəmizin beynəlxalq birliyin daim xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir.

Həmçinin enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun gündən-günə artması ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir.

Buna əsas səbəb həm enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycanın uzun müddət Avropanın enerji tələbatının ödənilməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq, Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür. 

ABŞ-dan İlham Əliyevin enerji siyasətinə tam dəstək

Hazırda dünyanın geosiyasi və iqtisadi gündəminin əsas mövzularından birini təşkil edən Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycan əsas açar rolunu oynayan dövlətlərdən biri kimi qəbul olunmaqdadır. Çünki Azərbaycanın iştirakı olmadan bölgədə və geniş mənada yerləşdiyimiz qitədə enerji təhlükəsizliyi məsələləri tam şəkildə həll oluna bilməz. Yəni Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır. Bunu tərəfdaşlıq etdiyimiz böyük ölkələr də bölüşür.

Azərbaycanın qitədə enerji təhlükəsizliyinin təminatında mühüm rol oynaması ölkə sərhədlərindən kənarda, özü də ən yüksək səviyyələrdə etiraf olunmaqdadır. Məhz elə buna görədir ki, dünyanın hətta ən qüdrətli dövlətləri belə enerji sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verməklə yanaşı, bundan, sözün əsl mənasında, qürur hissi keçirdiklərini də açıq bildirirlər.

ABŞ dövlət başçısı Cozef Baydenin Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda da qeyd olunur ki, enerji təhlükəsizliyi ilə bağlı məqsədlərə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynayıb: "Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

Rəsmi Vaşinqton Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi istiqamətində İlham Əliyevin addımlarını alqışlayır və bəyan edir ki, Birləşmiş Ştatlar davamlı tərəfdaşlıq və əməkdaşlığa hər zaman sadiqdir.

26 ilin möhtəşəm layihələri Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır

İyunun 1-də "Bakı Enerji Həftəsi" çərçivəsində rəsmi açılış mərasimi keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxış edən İlham Əliyev Azərbaycanın enerji siyasəti, hazırkı durum və yeni zamanın tələbi olan alternativ enerjidən istifadə ilə bağlı Azərbaycanın gördüyü işləri, eləcə də hədəflərini açıqlayıb.

Bu bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə böyük sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci illər ərzində Azərbaycan "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, üç seqmentli- Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət  "Cənub qaz dəhlizi" layihələrini reallığa çevirib.

Prezidentin söylədiyi kimi, XXI əsrin boru kəməri olan "Cənub qaz dəhlizi"nə ehtiyac duyulurdu. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər uzanan 3500 kilometrlik vahid boru kəmərləri sistemi Azərbaycanın qüdrətinin təzahürüdür. Buna görə Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaradıb və onlar hazırda qlobal enerji layihələrinə çevrilib. Məhz bu layihələri reallaşdırmaqla Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçılarından biri kimi daha mühüm rol oynamağa çalışır.

"Cənub qaz dəhlizi"nin reallaşması isə Azərbaycana nəhəng "Şahdəniz" qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradıb. Qısa müddət ərzində Azərbaycan qaz ixracının artırılmasına da müvəffəq olub. Ötən il 22 milyard kubmetr təbii qaz ixrac edən ölkəmiz 2022-ci ildə bu rəqəmi 24 milyard kubmetrə çatdıqmağı planlaşdırır. Onu da vurğulayaq ki, Azərbaycanın qaz potensialı yalnız "Şahdəniz"lə məhdudlaşmır. Gələn il digər yataqlarda da hasilat başlayacaq və təbii ki, bu da enerji təhlükəsizliyinə mühüm töhfə verəcək.

Qarşıdakı planlar - yenilənən enerji və imkanlardan səmərəli istifadə

Azərbaycanın yeni hədəflərini açıqlayan Prezident bildirdi ki, gündəlikdə duran növbəti plan yenilənən enerjidir və artıq bu sahədə işlər görülür.

Ümumiyyətlə, Azərbaycan zəngin neft-qaz ölkəsi olsa da, gələcəyin enerji təminatını alternativ mənbələrdə görür. Azərbaycanda hələ 2011-ci ildən "Qobustan" Hibrid Elektrik Stansiyası fəaliyyət göstərir.

Onu da vurğulayaq ki, ölkəmiz külək və günəş enerjisinin istehsalı üçün geniş mənbələrə malikdir. Bu da alternativ enerjidən daha geniş istifadə etmək imkanı yaradır. Artıq gündəliyin ön sıralarında olan "Yaşıl gündəlik" də təsdiq edilib və Azərbaycan işğaldan azad edilmiş əraziləri "yaşıl enerji" zonası elan edib. Ölkədə bir neçə su-elektrik stansiyası inşa edilib və onlar hazırda fəaliyyətdədir. Günəş və külək stansiyalarının yaradılması ilə bağlı planlar mövcuddur.

Prezident buna misal olaraq, bu il dünyanın aparıcı enerji şirkətləri olan "ACWA Power" və "Masdar" şirkətləri ilə iki stansiyanın təməlqoyma mərasiminə diqqət çəkərək vurğulayıb ki, hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur. Onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcək və bu, hələ başlanğıcdır. Azərbaycan artıq yenilənən enerji sahəsində bir çox aparıcı enerji şirkətləri ilə fəal danışıqlar mərhələsindədir.

Göründüyü kimi, həm Xəzər dənizinin nəhəng potensialı, həm də İkinci Qarabağ müharibəsində zəfər nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı böyük investorların marağını cəlb etməkdədir. Bütün bunlar isə hökumət tərəfindən ciddi şəkildə nəzərdən keçirilir. Təbii ki, bu proses də Azərbaycana böyük iqtisadi dividend vəd edir. Çünki bərpaolunan enerjiyə nə qədər çox sərmayə qoyularsa, bir o qədər də qaza qənaət ediləcək və Azərbaycandan qaz ixracının artırılmasına səbəb olacaq. Bu, dövlətin əsas hədəflərindən biridir.

Əminliklə söyləyə bilərik ki, İlham Əliyevin enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır.

Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır