BGTZ "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” mükafatlandırılıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Bibiheybət” Gəmi Təmiri Zavodu (BGTZ) “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında səmərəli əməkdaşlığa görə” nominasiyası üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçirdiyi müsabiqənin qalibləri arasında yer alıb.
Həmin mükafat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə 28 Aprel –Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuş “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransda BGTZ-nin direktoru Nəsib Qəhrəmanova təqdim edilib.
ASCO-nun bütün strukturlarında olduğu kimi, BGTZ-də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması prioritet məsələlərdəndir. Zavodda işçilərin fərdi mühafizə vasitələri ilə təminatı, normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsi, istehsalatda bədbəxt hadisələrin baş verməməsi, əmək münasibətləri sahəsində qanunvericiliyə əməl olunmasına hər zaman ciddi nəzarət edilir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir.