Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“Şahdəniz”in 25 illiyi - əsas faktlar və rəqəmlər

Bu gün “Şahdəniz” öz 25 illiyini qeyd edir. Bu, həm Azərbaycan hökuməti, həm də BP və onun “Şahdəniz” üzrə tərəfdaşları üçün mühüm bir hadisədir.

25 il bundan əvvəl, 1996-cı il iyunun 4-də Bakıda “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.

“Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və BP-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır.

15 ilə yaxındır ki, “Şahdəniz” Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir.

2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində “Şahdəniz” Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə qitə üçün yeni enerji təchizatı mənbəyinə çevrilib.

“Şahdəniz” yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib və ölkə iqtisadiyyatını daha da gücləndirib. Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib olub. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilib.

“Şahdəniz” üzrə sazişin imzalanmasının 25-ci ildönümü Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm mərhələdir. Bu, həmçinin SOCAR, BP və “Şahdəniz” sazişi üzrə bütün digər tərəfdaşlar üçün tarixi əhəmiyyət daşıyan bir gündür.

“Şahdəniz” üzrə bəzi mühüm faktlar və rəqəmlər

• “Şahdəniz” Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 kilometr cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir.

• Nəhəng yatağın sahəsi 140 kvadratkilometrdən çoxdur.

• “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Yataqda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

• “Şahdəniz” yatağının birinci fazasından 2006-cı ildə ilk hasilat əldə edilib. Oradan hazırda ildə 10 milyard kubmetrdən çox qaz hasil olunaraq Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.

• 2013-cü il dekabrın 17-də “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib.

• “Şahdəniz” yatağının ikinci fazası 2018-ci ildə hasilata başlayıb. Oradan əlavə ildə 16 milyard kubmetr qaz hasil olunacaq və nəticədə yataq üzrə ümumi hasilat həcmi ildə 26 milyard kubmetrə çatacaq.

• İlk hasilat başlayandan 2021-ci ilin birinci rübünün sonunadək “Şahdəniz” yatağından 140 milyard kubmetr qaz və təxminən 33 milyon ton kondensat hasil olunub.

• Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 58 milyon (ildə 21 milyarddan artıq) standart kubmetrdir.

• “Şahdəniz” quyuları BP-nin ən məhsuldar quyuları sırasındadır. Hazırda “Şahdəniz” yatağının ən məhsuldar quyusundan hasilat gündə 36 min barel neft ekvivalentidir.

• Bu günə qədər “Şahdəniz” yatağında ümumilikdə 32 quyu, o cümlədən “Şahdəniz-1” çərçivəsində 11, “Şahdəniz-2” çərçivəsində isə 21 quyu qazılıb. Bu quyulardan 19-u hazırda istismardadır.

• 2006-cı ildə istifadəyə verildikdən etibarən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə təxminən 96 milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib.

• “Şahdəniz” layihəsi çərçivəsində kapital xərcləri 2021-ci ilin ilk rübünün sonuna 27 milyard dollar təşkil edib.

• Layihənin texniki təhlükəsizlik üzrə çox yüksək göstəriciləri var və ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi, “Şahdəniz” çərçivəsində 14 ətraf mühitə təsirin qiymətləndirilməsi və 48 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.

Xəzərə qabaqcıl texnoloji təcrübənin gətirilməsi

“Şahdəniz” yatağının işlənməsi zamanı bir sıra texniki çətinliklər ortaya çıxdı. Buraya yüksək lay-kollektor təzyiqləri, dərin sularda yerləşmə və nəhəng coğrafi ərazini əhatə etməsi səbəbindən lay-kollektora girişin mürəkkəbliyi daxil idi. Bu çətinliklərin öhdəsindən gəlmək üçün “Şahdəniz” layihəsində qabaqcıl sualtı və qazma texnologiyaları tətbiq olundu. Onlardan bəziləri, o cümlədən aşağıda qeyd olunanlar, Xəzərdə ilk dəfə istifadə olunurdu:

• Böyükmiqyaslı sualtı hasilat. Şahdəniz sualtı hasilat sistemi 10 sualtı manifoldu və 26 sualtı quyunu birləşdirən 500 kilometr axın xətti olan dünya səviyyəli bir sistemdir. Burada dünyanın ən çətin yüksəktəzyiqli quyularından qaz hasil etmək üçün yeni qazma və tamamlama sistemlərindən də istifadə olunur.

• Təzyiqə qarşı yüksək etibarlılıqlı qoruyucu klapan (HIPPS). HIPPS klapanı Xəzər dənizində ilk dəfə istifadə olunan daha bir yenilikdir. Manifold təzyiqi əvvəlcədən təyin olunmuş səviyyəni aşdıqda HIPPS klapanı cəmi 15 saniyədə bağlana bilir və bununla “Şahdəniz” yatağında ən yüksək təhlükəsizlik standartlarına nail olmağa imkan verir.

• Birbaşa elektrik isitmə. Bu müasir texnologiya 500 metr dərinlikdə dənizin dibində yüzlərlə kilometr boru kəməri ilə axan neft və qazın soyumasının, parafinləşməsinin və sürətlə yığılaraq boru kəmərlərinin tıxanmasına səbəb olan, hidrat adlandırılan buz parçalarının əmələ gəlməsinin qarşısını almaq üçün tələb olunur.

• Nasos-kompressor boruları üçün asqı. Diametri cəmi 7 düym olan bu xırda avadanlıq quyudakı boruları sualtı sistemlə birləşdirərək axın sürətini artırmağa kömək edir.

• Genişləndirilə bilən bərk boru elementləri. Boru elementləri, daha dərin lülə intervallarının nisbətən böyük ölçüdə qazılması və qoruyucu kəmər quraşdırılmasına imkan verir.

• Səngəçal terminalında istiliyin utilizasiyası. Bu qurğular fiziki olaraq terminaldakı kompressorların qaz turbinlərinə bərkidilmişdir. Onlar qaz turbinindən çıxan işlənmiş qazı tutaraq terminal boyu istilik təmin etmək üçün istifadə edir. Təkcə bu istilik dəyişdiriciləri sayəsində emissiyaların CO2 ekvivalentində ildə təxminən 110 min ton azalacağı gözlənilir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır