Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

a dənizdə üzən gəmilərdə təcrübə keçən tələbələr geri dönüb

Regionda dənizçilik sahəsində yeganə ali təhsil müəssisəsi olan Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələrin savadlı mütəxəssis kimi yetişməsi Gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdəndir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi Dəniz Akademiyasının təhsildə uğurlu nəticələrlə  fərqlənən məzunlarının işlə təmin olunmasına, onların karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir.  Gəmiçiliyin strateji inkişaf planlarına uyğun olaraq Xəzərdən kənarda istismar edilən gəmilərin sayı getdikcə artdığından, gənc dənizçilərin yetişdirilməsi zamanı onlara digər hövzələrin də təcrübəsini aşılamaq zərurəti yaranıb. Bunu nəzərə alaraq dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədilə artıq ikinci ildir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri Qara dənizdəki gəmilərə üç aylıq yay üzmə təcrübəsinə göndərilir. 2016/2017-ci tədris ilində də təhsil və nizam-intizam göstəricilərinə, şəxsi keyfiyyətlərinə əsasən seçilmiş və Gəmiçilik rəhbərliyi ilə müsahibədən keçmiş  ADDA-nın 6 tələbəsi Qara dənizdə üzən gəmilərdə (“Şair Vaqif”, “Qaradağ” və “Maestro Niyazi”) təcrübə keçiblər.  Həmin tələbələr bu günlərdə Bakıya qayıdıblar. Tələbələrin sözlərinə görə, təcrübə olduqca maraqlı və faydalı keçib. Onlar əmindirlər ki, kamil mütəxəssis kimi yetişmələrində istehsalat təcrübəsində mənimsədikləri böyük rol oynayacaq. Dəniz naviqasiyası ixtisasına yiyələnən Vüsal Hüseynli “Maesto Niyazi” gəmisində təcrübə keçib. Deyir ki, hər şey gözlədiyindən də yaxşı olub. Təşkilatçılıq və gəmi heyətinin münasibətindən razı qalıb. Qara dəniz, Azov, Mərmərə və Orta Aralıq dənizlərində olmaq xəyalını gerçəkləşdirən təcrübəçini gördüyü böyük limanlar çox təəccübləndirib. -“İlk olaraq Türkiyənin Ambarlı limanına yollandıq,-deyir.- Orda dünyanın tanınmış şirkətlərinə məxsus 300-400 metr uzunluğunda konteyner gəmiləri gördük.  Bu nəhənglərin yanalma prosesini yaxından izlədik. Boğazlardan keçid də böyük təcrübə oldu. Ən təəccübləndiyim məqam isə ordakı limanların çox girintili-çıxıntılı olması idi.” Qara dəniz təcrübəsi Dəniz naviqasiya mühəndisliyi üzrə təhsil alan Cavidan Babayevdə də  böyük ruh yüksəkliyi yaradıb. Cavidan deyir: -“Əvvala, deyim ki, heyət  bizi çox mehriban qarşıladı. Elə buna görə, özümüzü heyətin üzvü kimi hiss edirdik. İstədiyimiz hər şeyi çəkinmədən soruşur və öyrənə bilirdik. Bosfor və Kerç bogazlarını keçdik. Ambarlı, Samsun, Yeysk limanlarında olduq. Yeyskdə 5000 ton yükü gəmiyə 14 saata yüklədilər. Müasir yükləmə avadanlıgı idi. Digər limanlarda iş rejiminin necə dəqiqliklə təşkil olunduğunu müşahidə etdik. Bir sözlə, təcrübə çox məhsuldar keçdi.  Yaradılan fürsətə görə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbərliyinə və layihənin gerçəkləşdirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.” “Şair Vaqif” gəmisində təcrübə keçən Teyyub Məmmədovun təəssüratları da maraqlıdır. Hər şeydən öncə beynəlxalq sularda Azərbaycan bayrağı altında üzmək onu çox qürurlandırıb. “Təcrübə müddətində A1 avtomatika ilə yaxından tanış oldum. Mən orada xəyallarımdakı iri tonnajlı gəmiləri əyani gördüm. Qısa müddətdə dünyagörüşümü və biliyimi xeyli artıra bildim. Nurlan Dərziyev “Qaradağ” gəmisində təcrübə keçib. Deyir, xarici sularda üzmək həm çətin, həm maraqlıdır. Samsun, Yeysk, Yemluk, Bandırma kimi limanların böyüklüyü onu çox təəccübləndirib. Limanlardakı yükləmə-boşaltma əməliyyatlarını yaxından izləyib. Gələcəkdə xarici sularda üzməyi çox arzulayır.  Səid Mustafayev: “ Limanlar çox hərəkətli idi. Hər dəqiqə gəmi girib-çıxırdı. Boğazlar və keçidlərdə qazandığım təcrübə mənə çox kömək olacaq. İlk dəfə idi ki, boğaz görürdüm. Bosfor… Çox gözəl idi. Nə deyə bilərəm? Dənizçi peşəsinə həvəsim daha da artdı. AXDG, Akademiya və gəminin heyətinə, xüsusilə kapitana təşəkkür edirəm.. Onlar bizim əziyyətimizi çox çəkdilər”. İlya Minayev də gəmidə olduğu müddətdə gəminin maşın bölməsində yerləşən mexanizmlərin işi ilə yaxından maraqlandığını və gələcəkdə xarici sularda istismar edilən gəmilərdə üzmək həvəsində olduğunu qeyd etdi. Xatırladaq ki, Gəmiçiliyin yaratdığı bu imkandan ötən il dörd tələbə yararlanıb. Gələcəkdə təcrübəyə göndərilən tələbələrin sayı artırılacaq. Belə ki, növbəti il ən az 8-10 dənizçinin  bu layihəyə cəlbi nəzərdə tutulur. Onu da deyək ki, üç aylıq təcrübə müddətində bütün xərcləri “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üzərinə götürür. Layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin seçdikləri peşəyə marağını artırmaq, onları ruhlandırmaq və həvəsləndirməkdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır