Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Əllərinin qabarı ilə yüksələn Əməkdar mühəndis - VIDEO

Gəmiçiliyin bugünki inkişafı yüzlərlə insanın böyük əməyinin və zəhmətinin nəticəsidir. Onlar arasında elələri olub ki, adları dənizçilik tarixinə qızıl hərflərlə həkk edilib. Belə insanlar bu gün də var. Hansı ki, illər, qərinələr, əsrlər ötsə də daim hörmət və minnətdarlıqla xatırlanacaqlar.

Ömrünün 47 ilini bu sahəyə həsr edən Əməkdar mühəndis İsrail Bayramov da belə dənizçilərdəndir. Bu günlərdə əmək fəaliyyətinə son qoyaraq təqaüdə yollanan peşəkar dənizçinin ömür yoluna nəzər salacağıq. Tornaçı şagirdi vəzifəsindən ASCO-nun  Texniki direktoru vəzifəsinədək yüksələn zəhmətkeş veteran ötən illəri gözlərindəki qürur hissləri ilə yada salır.

İsrail müəllim, bu sahə ilə yollarınız necə kəsişdi?

Hərbi xidmətdən yenicə qayıtmışdım. “Bakinskiy Raboçiy” qəzetində Sovet İttifaqının XXI qurultayı adına gəmi təmiri zavodunda iş olduğu barədə elan oxudum. Zavodu tapdım və müraciət etdim. Məni Mexaniki sexə gətirdilər. Sexdə iki sahə var idi: tornaçılar və çilingərlər sahəsi. Uşaqlıqdan tornaçılığa həvəsim olduğuna görə elə bu sahəni seçdim. Baş ustaya yaxınlaşdım, mənə yol göstərdi. Ərizə yazdım və beləliklə, 1974-cü il yanvarın 9-da işə qəbul olundum.

Hansı vəzifədən başladınız?

Məni tornaçı şagirdi kimi işə götürdülər. İlk ustam isə Aleksandr Karşınov idi. Həmin ərəfədə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakultəsinə qəbul oldum. Axşam növbəsində oxuyur, gündüzlər isə işləyirdim. Çalışırdım ki, həm təhsilimdə, həm də işimdə çətinlik yaranmasın. Belə də oldu. Bir qədər sonra ikinci dərəcə aldım. Daha sonra bacarığıma görə mənə Tornaçılar sahəsində texnoloq vəzifəsini təklif etdilər. Bir müddət sonra həmin sahədə usta, baş usta vəzifələrinə irəli çəkildim.

Belə anlaşılır ki, qısa müddətdə yüksəlməyi bacarmısınız.

Çalışırdım ki, sənətin sirlərini, incəliklərini öyrənim. O vaxt üçün çətin olan detallar hazırlayırdım. Dəzgahda işləyə-işləyə avar valların hazırlanmasını öyrənirdim. Üç ildən sonra isə artıq sərbəst şəkildə avar valı hazırlamağı bacarırdım. Bir dəfə valın hazırlanması üçün lazım olan polad materialda qüsur aşkarladım və məlumat verdim ki, bundan val düzəltmək olmaz.  Materialı yondum və sübut etdim. Hər kəs təəccüblənmişdi. Elə buna görə mənə 200 rubl mükafat  da verdilər.

Əmək fəaliyyətinizə nəzər saldıqda görürük ki, təhsil də sizin üçün önəmli olub.

80-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu Su təchizatı ixtisası üzrə bitirdim. Sonra belə qənaətə gəldim ki, gəmi təmiri sahəsində işləyirəmsə, gələcək inkişafım üçün konkret addım atmalıyam. 1984-cü ildə ikinci ali təhsil almaq üçün Odessa Dəniz Mühəndisləri Universitetinə daxil oldum. Düzdür, bəzi çətinliklər çəkdim, bir qədər təhsilimə fasilə verdim. Nəhayət, 1989-cu ildə oranı bitirərək gəmi mexaniki ixtisasına yiyələndim.

Və yəqin ki, aldığınız bu təhsil karyeranızda yeni üfiqlər açdı?

Qayıdan kimi Xəzər Dəniz Neft Donanmasına müraciət elədim. Donanmanın Texniki şöbəsində Gəmi tikintisinə nəzarət qrupunda mühəndis kimi işə başladım. 1995-ci ildə xarici sularda – Qırmızı dənizdə üzən “Yarenqa” gəmisinə ezam olundum. 6 ay bu gəmidə işlədikdən sonra məni Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə göndərdilər. İl yarım sonra yenidən XDND-yə qayıtdim. Burada rəhbərlik tərəfindən mənə Texniki şöbənin rəisi vəzifəsi həvalə olundu.

Demək olar ki, bir çox mühüm sahələrdə çalışmısınız. Hər halda sizin üçün unudulmaz anlar da olub.

Fəaliyyətim dövründə Qazaxıstanda ilk süni adanın yaradılmasında iştirak etmişəm. Yadımdadır, 1998-ci ilin sonunda SOCAR-da yeni idarə yarandı. Bu, böyük həcmli gəmiləri özündə birləşdirən İxtisaslaşdırılmış Dəniz Neft Donanması İdarəsi idi. Burada baş mühəndis kimi işləyirdim. Həmin İdarədə çalışdığım dövrdə dənizdə baş verən bir neçə yanğın hadisəsinin söndürülməsində əməyim olub. 2013-cü ildə “Bulla-dəniz” yatağında yanğının söndürülməsində yaxından iştirak etmişəm.

Bilirik ki, dənizçilik çətin sahədir, uğur qazanmaq elə də asan deyil. Bəs, siz nəyin hesabına müvəffəqiyyətə nail olurdunuz?

Düzünü deyim, 1978-ci ildə məni Tornaçılar sahəsində baş usta vəzifəsinə dəvət edəndə çox çəkinirdim. Fikirləşirdim ki, öhdəsindən gələ bilmərəm. Zavodun o vaxtkı baş direktoru Söhrab Salmanov məni inandırdı ki, bacaracaqsan. Eyni ilə də 1998-ci ildə SOCAR-da baş mühəndis kimi işə başlayanda xeyli tərəddüdlərim var idi. Əlbəttə ki, hər şey bacarıqdan, gərgin əməkdən və məsuliyyətli olmaqdan asılıdır.

Bilirik ki, siz həm də bir çox yüksək mükafata layiq görülmüsünüz. Məsələn, Əməkdar mühəndis kimi...

Bəli, əməyimə hər zaman dəyər verilib. 2005-ci ildə “Neftçilər Günü” ərəfəsində cənab Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mühəndis” Fəxri adı almışam. 2011-ci ildə yenə də Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşəm. Prezidentin 2018-ci ildə imzaladığı daha bir Sərəncamla 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişəm.  Bundan başqa, "Donanmanın Fəxri İşçisi" adına layiq görülmüşəm. 2018-ci ildə mənə daha iki medal - “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı və "Azərbaycan Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" verilib.

Təcrübəli dənizçi kimi, Azərbaycanda gəmiçiliyin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz və gələcəklə bağlı gözləntiləriniz nədən ibarətdir?

Mən 70-ci illəri çox yaxşı xatırlayıram. O vaxtı müasir gəmi tapmaq çətin idi, gəmilərin təmiri indiki qədər asan deyildi. Bugünki mənzərə isə tamam fərqlidir. ASCO müasir tipli gəmilərlə donanmalarını zənginləşdirib, yeni gəmilərin tikintisi davam edir,bütün strukturlar üzrə mühüm işlər görülüb. Əminəm ki, bu proses davam edəcək və gəmiçiliyin daha da inkişaf etdiyini görəcəyik.

Gənclərə nələri tövsiyə edirsiniz?

Vacib olan işi sevmək və işin səmtini tuta bilməkdir. Əlbəttə ki, təhlükəsizlik qaydalarını da unutmasınlar. Daim üzərlərində işləsinlər, öyrənməyə çalışsınlar.

Şərəfli əmək fəaliyyətiniz yekunlaşır. 47 il xatirənizə necə həkk olundu?

Ömrümün xeyli hissəsini bu sahəyə həsr etmişəm. Mən təqaüddə olsam da, hər zaman Gəmiçiliklə bağlı olacağam. Bu kollektivin bir üzvü olduğum üçün özümü xoşbəxt sayıram. Başda ASCO-nun sədri Rauf Vəliyev olmaqla hər kəsə təşəkkür edir və dənizçilər ailəsinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Biz də öz növbəmizdə ASCO ailəsi adından həmkarımıza ilk növbədə cansağlığl arzulayır, bol uğur diləyirik. Əminliklə demək olar ki, İsrail müəllimin yüksək peşəkarlığı və fədakarlığı ilə yanaşı, şövqlə, usanmadan çalışması, novatorluğu daim dənizçi gənclərə örnək olub və bundan sonra da olacaq.

SeaNews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır