Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-29,
Seanews
Heyder Eliyev

İlk səfərindən dənizə vurulan səyyah və tədqiqatçı

Görkəmli alim və tədqiqatçı, fiziki okeanoqrafiyanın qurucusu, Arktikanın öyrənilməsində böyük rolu olan səyyah Frityof Nansen 1861-ci ildə Norveçin paytaxtı Oslonun yaxınlığında doğulmuşdur. Uşaqlıqdan idmanı sevib, xizək sürməyi və üzgüçülüklə məşğul olmağı xoşlayıb.

Universiteti bitirdikdən sonra gəmi ilə ilk dəfə səfərə çıxanda onda dənizə məhəbbətlə yanaşı, yeni torpaqlar kəşf etmək arzusu yaranır.

1888-ci il iyulun 17-də 6 nəfərlə “Vikinq” gəmisində üzən buzların arası ilə dünyanın ən böyük adası olan və o vaxt keçilməz sayılanQrenlandiyaya üz tutur. Avqustun 16-da adaya çatırlar. Buradan xizəklə qərb istiqamətində hərəkət edirlər. Oktyabrın əvvəllərində adanın qərb sahillərinə çatan heyət qışı Qotxob kəndində keçirir və Norveçə 1889-cu il mayın sonunda qayıdır.

Bununla da buzlaqlardan ibarət olan adanın şərqindən qərbinə keçməyin mümkünlüyünü sübut edir.

Birinci ekspedisiyadan sonra könlündən qütbü fəth etmək keçən Nanse yazırdı: " Mən əminəm ki, əgər biz təbiətin qüvvəsinə və onun özünəməxsus xüsusiyyətlərinə fikir versək, ona qarşı yox, eyni məqsəd üçün işləsək onda qütbə həqiqi və asan yolu taparıq."

Nansen "Fram" (“İrəli”) gəmisində qütbə üzməyi qərara alır.

1893-cü ildə Norveç, Barens, Kara dənizlərini keçməklə Laptevlər dənizinə daxil olur, lakin Novosibirsk adalarının şimalında buzlaqlar arasında ilişib qalır.

Gəminin buza qarşı dözümlüyü Nansen tərəfindən belə təsvir olunur: "Qulaqbatırıcı səs     eşidildi, "Fram" bütövlükdə titrədi. Bu, buzların ilk sıxması idi. Hamı göyərtəyə qaçdı, "Fram" mən gözlədiyim kimi əla tabb gətirdi. Buz fasiləsiz yaxınlaşsa da gəminin alt hissəsi oval olduğundan dibə enir, gəmi isə tədricən yuxarı qalxırdı."

Qütb gecələri başlayır və ekspedisiya birinci qışını orada keçirir. Yayda heyətin xizəklə qütbü fəth etmək cəhdi nəticəsiz qalır və ikinci qışda da eyni əziyyətə dözməli olur. 1895-ci il martın 14-də gəmini tərk etməklə qütbü fəth etməyə çalışan Nansen bunun mümkün olmadığını görərək geri qayıtmaq qərarına gəlir. 1896-cı ilin iyulunda Frans-Iosif torpalarının cənub qurtaracağına çatır. Burada Nansen təsadüfən ekspedisiyada olan ingilis Ceksonla görüşür. Cekson tərəfindən səmimiyyətlə  qarşılanan səyyah bir aydan sonra gəmi ilə vətəninə çatdırılır. Bir həftədən sonra isə "Fram" gəmisi geri qayıdır.

Ekspedisiyanın elmi nəticələrinə görə, Mərkəzi Arktikada 3000 m-dən dərin dənizin olması müəyyən edildi, yuxarı enliklərin iqlimi, Şimal Buzlu okeanın sularının hərəkət istiqaməti müəyyənləşdirildi, fauna və florası öyrənildi. Bunlarla yanaşı, mühüm kəşflərdən biri də 200-800 m dərinlikdə Atlantik okeanından Şimal Buzlu okeana isti suların daxil olduğu müəyyən edildi.

1922-ci ildə Nobel mükafatına layiq görülən Nanse səkkiz il sonra - 1930-cu il mayın 13-də Oslo yaxınlığındakı Lusakerdə vəfat etmişdir. Ayın Şimal qütbündə bir krater daxil olmaqla, coğrafi və astronomik obyektlərə Nansenin adı verilmişdir.       


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır