Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-05-10,
Seanews
Heyder Eliyev

Məğlubedilməz gəmiləri olan ölkələr dənizlərdə real üstünlüklərini təmin edə biləcəklər

Böyük Britaniyadan olan alimlər gələcəyin “Dreadnought 2050” adlı döyüş gəmisinin konseptual layihəsini təqdim ediblər. “Dreadnought” qorxmaz kimi tərcümə edilir. 1906-cı il fevralın 10-da suya buraxılmış gəmi məhz belə adlanıb. Bu ad dərhal ümumiləşib və buna görə də onun 2050-ci il konsepsiyasına aid edilməsinə təəccüblənmək lazım deyildir.

Gəlin söhbətə bu döyüş gəmisinin adının nə üçün ümumiləşməsindən və sonrakı bu növ gəmilərin nəyə görə drednout, sonra isə superdrednout adlandırılmasından başlayaq. İş ondadır ki, onun hazırlandığı məqamda o illərin əsas döyüş gəmisi-zirehli gəminin müəyyən layihələndirmə konsepsiyası yaranıb. Bu gəmidə, bir qayda olaraq, 305 mm kalibrli 12-20 və çoxlu sayda kiçik kalibrli toplar olub.

Rus-yapon müharibəsində məhz bu cür gəmilər döyüşüb və onun nəticələrini diqqətlə izləyən britaniyalı mühəndislər hesab ediblər ki, bu gəmilər artıq köhnəlib. Beləliklə, buxar turbinlərindən ötürücüsü olan, sürəti artırılmış və zirehi gücləndirilmiş mahiyyət etibarilə yeni gəminin əsası qoyuldu. Ən başlıcası isə, onda altı topu beş qüllədə quraşdırılmış irəli və geriyə atəş aça bilən 10 top, borta isə 8 top quraşdırılmışdı. Köhnə zirehli gəmilər dərhal dəyərini itirdi və dənizlərdə silahlanma yarışı yenidən başladı.

Tezliklə bu cür gəmilər Fransa, Almaniya, İtaliya, ABŞ, Yaponiya və Rusiya hərbi donanmalarında da müşahidə olundu. Bəzi gəmilərdə 12 topu olan altı qüllə var idi, İngiltərənin “Ercinkort” drednoutunda isə hətta yeddi qüllə üzərində 14 top yerləşirdi. Amma dərhal prioritet haqda söhbətlər başladı və məlum oldu ki, amerikalılar dörd qülləsi olan “Miçiqan” tipli gəmiləri, guya, daha əvvəl layihələndirsələr də, onu uzun müddət tikdiklərinə görə, mahiyyətcə, bu cür yeni gəmiləri “Miçiqan” adlandırmaq lazımdır.

Həmçinin məlum olub ki, Rusiyada da hələ 1884-cü ildə V.A. Stepanov dörd qülləli və səkkiz toplu zirehli gəminin layihəsini hazırlasa da, ona fikir verməyiblər.

Amma sonralar, nüvə silahının yaranması ilə əlaqədar olaraq, bu gəmilərin də köhnəlmiş hesab edilməsinə baxmayaraq, Amerikanın müasir elektronika və qanadlı raketlərlə təchiz olunmuş “Nyu Cersi” linkorundan Körfəz (Fars körfəzi) müharibəsində fəal şəkildə istifadə edilib, lakin sonralar o da ehtiyata verilib.

Amma linkor gəmilərinin tərəfdarları bildirirlər ki, bu işdə tələskənlik olub. Yəni, İkinci Dünya müharibəsi linkorlarının güclü toplarının bu gün analoqu yoxdur. Onların zirehi bir çox raket zərbələrindən qoruyur və onların özlərinə də bütöv raket arsenalı quraşdırmaq olar. Ancaq buna baxmayaraq, heç kəs bu gün muzey kimi saxlanan köhnə gəmilərin yenidən təchiz olunması ilə məşğul olmağı istəmir, çünki yeni materiallardan hazırlanmış yeni mühərrik və silahları olan gəmilər daha mükəmməl hesab edilir.

Budur, britaniyalı dizaynerlər də Böyük Britaniya Müdafiə Nazirliyinin qeyri- rəsmi xahişi ilə Startpoint şirkəti ilə müştərək şəkildə tam yeni döyüş gəmisinin layihəsini hazırlayıblar. Onlar radarlara minimum “görünən” gələcəyin superdrednoutunu xüsusi örtüklərlə haşiyəyə almağı planlaşdırırlar. Hidroaktiv elektromühərriklərin xarici səthində avarlı pərlər olmayacaq. Korpusun hazırlanmasında metal deyil, ən yaxşı sintetik liflərdən ibarət ultramüasir kompozit materiallardan istifadə olunacaq. Birbaşa örtüyə öz radarları olan nanoçiplərin yerləşdirilməsi də mümkündür, yəni gəminin örtüyü “ağıllı” olacaq.

Haşiyə isə “Zumvalt”da - ən müasir Amerika esminesində olduğu kimi əks əyintili çox iti gövdədən ibarət olacaq. Gəminin arxa tərəfində dəniz piyadası desantı və üzən pilotsuz aparatların düşməsi üçün suya dalan kamera quraşdırılacaq.

Orada silahla təchiz olunmuş pilotsuz uçan aparatın buraxılması üçün xüsusi göyərtə hazırlanacaq. Bu cür aparatların saysız hesabda hazırlanması üçün orada mütləq qaydada 3d-printerlər yerləşdiriləcək.

Konstruktorlar özlərinin futuristik gəmilərinin ölçüləri barədə məlumat verməsələr də, gəmi o qədər robotlaşdırılacaq ki, bu, heyətin, təqribən, 200 nəfər olmasına imkan verəcək, bu isə su basımı 15 min ton olan “Zumvalt” tipli esminesin göstəricilərinə uyğundur.

Kapitan və heyət baş verən hadisələrin tam mənzərəsini yaradan holoqrafik proyektorlardan istifadə edərək gəmini idarə edəcək və hərbi əməliyyatları yerinə yetirəcəklər. Bu cür futuristik avadanlığın olması heyətin sayını 100 nəfərə və hətta daha çox azaltmağa imkan verəcək.

Yeni gəminin silahları artıq bu gün Hərbi-Dəniz Tədqiqatları idarəsi tərəfindən hazırlanan elektromaqnit relsotronlardan ibarət olacaq. Onların təsir radiusu 200 kilometrə çatacaq. Onlardan istifadənin faydası məlumdur. Mərmilərdə partlayıcı maddələr yoxdur, lakin sürət və kütlənin sürəti sayəsində onların dağıdıcı gücü köhnə linkorların toplarının atəş gücündən kifayət qədər yüksəkdir.

Gəmidə həmçinin düşmənin kiçik gəmiləri və lazer qurğularına-pilotsuz aparatları sapdırmağa təsir etmək üçün yüksəktezlikli şüalanma topları da quraşdırılmalıdır. Adi top da olacaq, amma cəmi bir ədəd. Bu, yəqin ki, ənənə ilə bağlıdır və həmçinin fişəng atmaq üçün nəzərdə tutulacaq.

Yeni torpedolar 300 dəniz mili sürəti götürməyə imkan verəcək. Pilotsuz aparatlara gəldikdə isə, güman edilir ki, onlar gəminin korpusuna karbon nanoborucuqlar vasitəsilə kriogien yolla soyudulan trosla birləşdiriləcək. Bu, həmin pilotsuz aparatların uçmasını təmin etməyə imkan yaradacaq və əlbəttə, onların lazerləri üçün enerji verəcək.

Pilotsuz aparatı uçan lazerli topa çevirmək ideyası çox orijinaldır.

Beləliklə, bunların hamısı həyata keçərsə, bu cür gəmilərə malik olan ölkələr dənizlərdə real üstünlüklərə malik olacaq. Onların düşmənləri isə (əgər onlar hipersəs raketlərinə malik deyilsə), sadəcə, bu cür gəmilərə yaxınlaşa və onları ənənəvi silah növləri ilə məhv edə bilməyəcək və əgər onları ballistik raketlərin hipersəsli döyüş başlıqlarını tuta bilən güclü lazerlə təchiz etmək mümkün olarsa, onların davamlılığı daha da artacaq. Mahiyyət etibarilə, bu, həm döyüş lazerləri, həm relsotronlar, həm də uzaq məsafədə ultranazik naqillər vasitəsilə uçan pilotsuz döyüş aparatlarını kifayət qədər enerji ilə təchiz edə bilən üzən böyük elektrik stansiyaları olacaq.

Əgər robototexnika sahəsində işlər qaydasında gedərsə, onlardan sahilə adamların yox, robotların çıxması da tam mümkündür.

İndi bunlar fantastik görünsə də, 2050-ci ildə elm və texnikanın hansı nailiyyətlərə imza atacağı hələ heç kimə məlum deyildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır