Almaniyaya məxsus "AIDA Cruises" gəmisində norovirus aşkarlanıb
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) Almaniyanın "AIDAdiva" sərnişin gəmisində çox sayda insana təsir edən norovirus epidemiyasının aşkarlandığını elan edib.
"Seanews.az" xəbər verir ki, gəmidə olan 2007 sərnişin və 640 heyət üzvündən azı 95 sərnişin və 6 heyət üzvünün virusa yoluxduğu bildirilir.
"AIDAdiva" gəmisi 10 noyabrda Hamburqdan 133 günlük dünya səyahətinə çıxıb. Gəmi səyahət boyu Böyük Britaniya, Kanada, ABŞ, Meksika, Panama, Yaponiya, Tayvan, Sinqapur, Tailand və Cənubi Afrika kimi bir çox ölkəyə baş çəkib. Onun 23 mart 2026-cı ildə Almaniyaya qayıtması planlaşdırılır.
"Cruise Mapper"-in məlumatına görə, "AIDAdiva" 10–28 noyabr tarixləri arasında ABŞ-də Boston, Nyu-York, Çarlston və Mayami limanlarına yan alıb. Planlaşdırılan marşruta görə, gəmi hazırda Kosta Rika sahillərindədir.
CDC-nin epidemiya bildirişindən sonra, "AIDA Cruises" şirkəti gəmidə dezinfeksiya tətbiqlərini gücləndirdiyini, simptom göstərən şəxslərdən nəcis nümunələrinin toplandığını və xəstələrin izolyasiya edildiyini açıqlayıb.
CDC məlumatlarına görə, bu, 2025-ci ildə bildirilən 21-ci gəmi mənşəli qastrointestinal epidemiya olub, bunlardan 16-nın norovirusdan qaynaqlandığı bildirilir.
CDC-nin son məlumatları, 22 noyabr həftəsindən edilən testlərin 12,5%-nin pozitiv çıxdığını göstərir. Bu nisbət iki həftə əvvələ nisbətən təxminən 25% artım deməkdir. Lakin səhiyyə qurumları, test etdirməyənlərin çoxluğu səbəbindən real xəstə sayının daha yüksək olduğunu bildirir.
Norovirus yoluxucu şəxslərin qusuntu və ya nəcisi ilə təmasda olan səthlər, ortaq istifadə edilən mətbəx əşyaları və ya çirkli qidalar vasitəsilə sürətlə yayıla bilər.
Hər il təxminən 21 milyon Amerikalıya yoluxan virus, xüsusilə yaşlı qrupda ölümcül ola bilər.
Simptomlar adətən virusa məruz qaldıqdan 12–48 saat sonra başlayır.
Şiddətli qusma və ishal səbəbindən bədənin sürətlə maye və elektrolit itirməsi, ciddi dehidrasiyaya (susuzlaşmaya) gətirib çıxara bilər. Bu vəziyyət qan təzyiqinin düşməsinə, orqanlara qan axınının yetərsizliyinə və hətta qıcolmalara qədər təhlükələrə səbəb ola bilər.
Norovirus qış aylarında və kütləvi tətil dövrlərində daha çox müşahidə olunur.
Simptomlar bəzən "COVID-19"-la qarışdırıla bilər, çünki hər iki xəstəlik qızdırma, baş ağrısı və halsızlıq yarada bilir.
Mütəxəssislər əl dezinfeksiyaedici vasitələrin norovirus üzərində təkbaşına təsirli olmadığını qeyd edərək, bu səbəbdən tez-tez sabun və su ilə əl yumanın kritik əhəmiyyət daşıdığını xatırladırlar.

