Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

TAP kəməri ilə İtaliyaya nəql olunan Azərbaycan təbii qazının həcmi ikiqat artırıla bilər

Trans-Adriatik (TAP) boru kəməri ilə İtaliyaya nəql olunan Azərbaycan təbii qazının həcmi iki dəfə artırıla bilər.

AZƏRTAC xəbər verir ki, bu sözləri TAP-ın idarəetmə direktoru Luca Schieppati İtaliyanın “Quotidiano Nazionale” saytına müsahibəsində deyib.

TAP boru kəmərinin Avropa, xüsusilə də İtaliya üçün əhəmiyyətindən danışan L.Schieppati bildirib ki, ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan boru kəməri ilə əməliyyatların birinci ilində qitəyə 8 milyard kubmetrdən çox təbii qaz idxal edilib. Həmin həcmin 7 milyard kubmetri İtaliyaya çatdırılıb. Bu, İtaliyanın istehlakının demək olar ki, 10 faizini təşkil edir. Gələcəkdə TAP kəməri ilə Azərbaycandan İtaliyaya gələn qaz həcmlərini ikiqat artıra bilərik. 2022-ci və 2023-cü illərdə, eləcə də qarşıdakı 25 il ərzində boru kəməri ilə müqavilələr çərçivəsində ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq.

“TAP-ın potensialı onun ötürücülük gücünün iki dəfə artırılaraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir. Boru kəmərinin ötürücülük qabiliyyətinin artırılması üçün hazırda bazar sınaqları aparılır. Prosesin təklif mərhələsini cari ilin iyul ayında başa çatdırmağı planlaşdırırıq. Biz TAP-ın ötürücülük qabiliyyətinin illik təxminən 12, 14, 17 və ya 21 milyard kubmetrə qədər artırılması üçün 4 texniki təklif təqdim etmişik. Bunun üçün mövcud kompressor stansiyaları yenilənməli və yeni ölçmə stansiyaları quraşdırılmalıdır. İllik 12 və ya 14 milyard kubmetr təbii qaz nəqli gücünə çatmaq üçün 4 il, 21 milyard kubmetrə çatmaq üçün isə 5 il vaxt lazımdır. Boru kəmərinin ötürücülük gücünün artırılması üçün lazım olan investisiya birbaşa TAP tərəfindən həyata keçiriləcək. Dövlət xərcləri ilə bağlı hər hansı bir ödəniş olmayacaq”, - deyə Luca Schieppati qeyd edib.

Xatırladaq ki, 2020-ci ilin dekabr ayında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bölgəsindəki qaz stansiyasından Avropaya nəql olunur. TAP-ın çatdırdığı qaz həcmləri Avropa İttifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerjini mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda əsas rol oynayır.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirən qovşaq layihəsidir. TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. TAP Yunanıstan (550 kilometr), Albaniya (215 kilometr) əraziləri, Adriatik dənizinin dibi ilə (105 kilometr) keçərək İtaliya sahillərinə (8 kilometr) çıxır. TAP səhmdarları 2013-cü ilin sonunda layihənin inkişafı və tikintisi haqqında qərar verib.

Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” yatağından hasil olunan təbii qazı Avropaya nəql edir. Boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə TANAP ilə birləşir, Yunanıstan və Albaniyadan keçərək Adriatik dənizi vasitəsilə İtaliyanın cənub sahillərinə çatır. TAP Cənub-Şərqi Avropa ölkələrini qazla təchiz edəcək. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları və İtaliyanın sahilinə çıxışı Azərbaycan qazının geniş Avropa bazarlarına tədarükü üçün çoxsaylı imkanlar açır. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi TAP Avropa üçün strateji və iqtisadi əhəmiyyət daşıyır və yeni təbii qaz mənbəyinə etibarlı çıxışı təmin edir. TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, təchizatın diversifikasiyasında, həmçinin karbon emissiyasının azaldılmasında mühüm rol oynayır.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırır. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 810 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır