Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-17,
Seanews
Heyder Eliyev

Ötən il “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə işlər ümumilikdə 65 faiz tamamlanıb

Ötən il ərzində “Azəri-Mərkəzi-Şərqi” (ACE) layihəsi, eləcə də BP-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləmişdir.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, keçən ilin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb və beləliklə də ACE layihəsi üçün lazım olan bütün avadanlıqların daşınması işləri başa çatıb.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib. Bu işlərə daxildir: boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi və sınaqdan keçirilməsi.

Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə qaldırılıb və quraşdırılıb. Bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanıb.

Bundan əlavə, yuxarı göyərtənin paneli üst modulların üzərinə, həmçinin helikopter meydançası qaldırılaraq yaşayış blokunun yuxarısında öz yerinə quraşdırılıb. Üst modulların və qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləyib. Qazma avadanlıqlarının istismar sınaq işləri başlanıb və bu işlər 2022-ci il ərzində davam edəcək ki, üst modulların qaldırılması və barjın üzərinə sürüşdürülməsi əməliyyatınadək bitmiş olsun.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam edib - ayaq çərçivələrinin bükülməsi işləri yekunlaşıb, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.

İsrafil Hüseynov borudüzən gəmisi artıq platformanın sualtı neft və qaz xətlərinin tikintisinə başlayıb.

ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı “Şərqi Azəri” platformasında aparılan quraşdırma işləri də il ərzində davam edib.

İlin sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 65 faiz tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır