Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

Son 5 ildə “Azəri-Çıraq-Günəşli”dəki platformalardan 1 milyard barreldən çox neft çıxarılıb

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı 6 platforma üzrə 2015-2019-cu illərdə çıxarılan xam neftin həcmi açıqlanıb.

AZƏRTAC BP-nin “2019-cu il üçün Azərbaycan üzrə Davamlı İnkişaf hesabatı”na istinadla xəbər verir ki, son 5 ildə “Çıraq” platformasından 87,3 milyon barrel, “Mərkəzi Azəri”dən 263,9 milyon barrel, “Qərbi Azəri”dən 217,5 milyon barrel, “Şərqi Azəri”dən 150,2 milyon barrel, “Dərinsulu Günəşli”dən 213,5 milyon barrel və “Qərbi Çıraq” platformasından 152,4 milyon barrel neft hasil olunub. Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dəki platformalardan ümumilikdə isə 1 milyard 84,8 milyon barrel neft çıxarılıb.

Qeyd edək ki, istehsala başlanandan (1997-ci ilin noyabrından) keçən ilin axırına kimi “Çıraq” platformasından 736,1 milyon barrel, “Mərkəzi Azəri”dən (2005-ci ilin fevralından) 936,9 milyon barrel, “Qərbi Azəri”dən (2005-ci ilin dekabrından) 845,3 milyon barrel, “Şərqi Azəri”dən (2006-cı ilin noyabrından) 502,7 milyon barrel, “Dərinsulu Günəşli”dən (2008-ci ilin aprelindən) 513 milyon barrel və “Qərbi Çıraq” platformasından (2014-cü ilin yanvarından) isə 170,7 milyon barrel neft hasil edilib. AÇG-dən ilk neft hasilatından bəri ümumi istehsal 3,7 milyard barrelə (500 milyon tondan çox) çatıb.

2019-cu ildə yataqlar blokundan 195 milyon barreldən çox neft hasil edilib. Cari ilin ilk rübündə isə “Azəri-Çıraq-Günəşli”dən hasilat 48 milyon barrel, yəni 6,4 milyon tondan çox olub. Rüb ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Üç ayda AÇG-dən ümumi hasilat – “Çıraq” (39 min), “Mərkəzi Azəri” (136 min), “Qərbi Azəri” (125 min), “Şərqi Azəri” (78 min), “Dərinsulu Günəşli” (95 min) və “Qərbi Çıraq” (51 min) platformalarından birgə gündəlik orta hesabla 524 min barrel olub.

Rübün sonuna AÇG-də ümumilikdə 129 neft hasilat, 42 su və 7 qaz injektor quyusu istismarda olub. Yanvar-mart aylarında blokda 4 neft hasilat quyusu qazılıb. Üç ayda AÇG layihəsinə təqribən 150 milyon dollar əməliyyat və 522 milyon dollaradək əsaslı məsrəflər xərclənib.

AÇG-də tərəfdaşların iştirak payları bu nisbətdədir: BP 30,37 faiz, “AzAÇG” (SOCAR) 25 faiz, MOL 9,57 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Inpex” 9,31 faiz, “Equinor” 7,27 faiz, “ExxonMobil” 6,79 faiz, “TPAO” 5,73 faiz, “Itochu” 3,65 faiz və “ONGC Videsh Limited” (OVL) 2,31 faiz.

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıb. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həmin il oktyabrın 31-də ratifikasiya olunub.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır