Çinin ekoloji cəhətdən daha təmiz ən iri avtomobildaşıyan gəmisi ilk səfərinə başlayıb
9,5 min CEU tutumlu nəhəng avtomobil daşıyıcısı “Anji Ansheng” ilk səfərinə çıxıb.
“Seanews.az” xəbər verir ki, bu barədə gəminin tikintisini sifariş verən “SAIC Group” şirkəti məlumat verib.
Qeyd edilir ki, Çindən Avropaya istiqamət götürən “Anji Ansheng” 14 gəmidən ibarət seriyanın ilk avtomobil daşıyıcısıdır. Ümumilikdə şirkət donanmanın genişləndirilməsinə 1,4 milyard dollar sərmayə qoyacaq. Gəmi “China Merchants Jinling” tərsanəsində inşa edilib. Uzunluğu 228 metr, eni 37,8 metr, suyaoturumu 7,8 metr olan gəminin gələcəkdə metanolla işləyə biləcəyi deyilir.
“SAIC Group” hazırda törəmə “Anji Logistics” şirkəti tərəfindən idarə olunan 35 gəmidən ibarət donanmaya malikdir. Avtomobil daşımaları Qərbi Avropa, Aralıq dənizi, Meksika, Cənubi Amerikanın qərb sahilləri, Cənub-Şərqi Asiya, Avstraliya, Yeni Zelandiya və Yaxın Şərqə marşrutlar üzrə həyata keçirilir.
Donanmanın genişləndirilməsi Çin avtomobillərinin xarici bazarlara çıxışını sürətləndirəcək. “SAIC” minik avtomobillərinin ixracına 2001-ci ildə başlayıb. Bu gün şirkət ixrac həcminə görə Çin avtomobil istehsalçıları arasında lider mövqe tutur. Beləliklə, 2024-cü ilin sonuna 5,5 milyondan çox avtomobil xarici bazarlara çıxarılıb. Eyni zamanda, ümumi ixrac həcminin 25%-i Avropa ölkələrinin payına düşür.