



“Damen Shipyards Group”-un rəhbərinin yedək gəmilərinin inkişafındakı xidmətləri beynəlxalq mükafata layiq görülüb
“Damen Shipyards Group”-un Direktorlar Şurasının sədri Kommer Damenə “Lifetime Achievement Award” Beynəlxalq Mükafatı verilib. “Tug & Salvage Awards”-ın bu mükafatına dünya yedək sənayesinə əhəmiyyətli və davamlı töhfələr verən şəxslər layiq görülürlər.
“Seanews.az” xəbər verir ki, mükafat sahibinə Antverpendə keçirilən “TUGTECHNOLOGY 2025” konfransının yekununda təqdim olunub.
“Damen”-in mətbuat xidmətinin məlumatında deyilir ki, "Bu mükafat Kommer Damenin əlli ildən çox bir müddətdə gördüyü böyük işlərin, verdiyi töhfələrin layiqli təsdiqidir. 1969-cu ildə standartlaşdırılmış gəmiqayırma prinsipinin tətbiqindən bəri Damen müasir yedək gəmilərinin inkişafında mühüm rol oynayıb. Şirkət məhz onun rəhbərliyi altında “ASD”, “ATD” və “RSD Tugs” kimi etalon gəmi növlərini inkişaf etdirib və bunların bir çoxu beynəlxalq standartlara çevrilib.”
“Damen” yeni nəsil yığcam, yüksək manevr qabiliyyətinə malik və getdikcə ekoloji cəhətdən təmiz yedək gəmiləri inşa edir. Tam elektriklə işləyən “RSD-E Tug 2513” yedək gəmisi artıq Avropa və Yaxın Şərqdə istismar olunur. “Damen”, həmçinin çevik yanacaq sistemi ilə “ASD” yedək gəmiləri hazırlayır.